Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin “Təhsil İstirahət Mərkəzi”ndə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün təşkil etdiyi “Novruz 2026” düşərgəsi çərçivəsində tanınmış yazıçı və kinodramaturq, əməkdar mədəniyyət işçisi İlqar Fəhmi ilə görüş keçirilib.
SİA xəbər verir ki, düşərgə çərçivəsində təşkil olunan görüş 2026-cı ilin Fəaliyyət Planında nəzərdə tutulmuş "Azərbaycan dilinin qorunması" üzrə tədbirlər planı çərçivəsində həyata keçirilib.
“Ədəbi dilimiz estetik-psixoloji müstəvidə” mövzusuna həsr olunan tədbirdə yazıçı Azərbaycan dilinin saflığının qorunmasında ədəbiyyatın rolundan bəhs edib. O bildirib ki, ölkə başçısının Azərbaycan dilinin qorunması istiqamətində ictimaiyyətə ünvanladığı tövsiyələr mühüm əhəmiyyət kəsb edir və bu prosesdə təhsil işçilərinin müstəsna xidmətləri var.
Qeyd olunub ki, qloballaşan dünyada dilin xarici təsirlərdən qorunması çətinləşsə də, ədəbiyyat və dilçilik sahəsində nəşrlər bu istiqamətdə mühüm rol oynayır.
Tədbirdə ETİHİ Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək Azərbaycan dilinin saflığının qorunmasının komitənin fəaliyyət planının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, bu sahədə mütəmadi tədbirlər həyata keçirilir və məsələ təşkilatın prioritetləri sırasında xüsusi yer tutur.
Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, qonağa müxtəlif suallar ünvanlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB