Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək

Bakıda aprelin 10-dan 13-dək Qətər Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 10-da saat 15:00-dan etibarən Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar.

Həmçinin həmin müddət ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcək.

Eyni zamanda həmin gün Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.

2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb. Qeyd edək ki, bundan əvvəl Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında ölkəmizdə keçirilib.

Azərbaycanla Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir. Ölkələr həm ikitərəfli, həm də çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə