“Gənc rejissorlara ehtiyac var” - MÜSAHİBƏ

Xalq artisti Cəfər Namiq Kamalın SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycan teatrında ən böyük çatışmazlıq nədir ?

- Azərbaycan teatrında hər hansı bir çatışmazlıq olduğunu düşünmürəm. Hər kəs öz üzərində çalışır, yeni tamaşalar hazırlanır. Eyni zamanda bəzi istilik sisteminin olmaması kimi problemlərimiz var idi. Lakin teatrın təmirindən sonra hər şey nizama düşdü. Bütün detalları nəzərə alsaq, teatrımızda ciddi problemlərin olduğunu düşünmürəm.

- Bu gün teatra yetərli qədər müraciət olunur ?

- Düşünürəm ki, günümüzdə teatra maraq kifayət qədərdir. Yəni mən adətən tamaşa zalını dolu görürəm. Bu barədə soruşduqda da demək olar ki, teatrın istənilən gün dolu olduğunu deyirlər. Yəni günümüzdə teatr tamaşaçı problemi yaşamır. "Teatra gedən yoxdur” kimi ifadələr isə yalan söhbətdir. Bu fikir məhz teatra getməyənlərə aiddir. Hansı ki, getmədikləri üçün teatrdakı vəziyyətdən də xəbərdar deyillər.

- Teatrda yeni nəsil aktyorlara, gənclərə nə dərəcədə yer verilir ?

- Gənclər bizim gələcəyimizdir. Eynilə teatrda da gənc nəsilə böyük dəyər verilir. Gənc aktyorlar ilə də çox yaxşı münasibətim var, hər biri ilə dostluq edirəm. Lazım olduqda iradlarımı da bildirirəm və bunları da nəzərə alırlar. Teatrımızda səhnəyə çıxan gənclərimizin hər biri professional, universitet bitirmiş gənclərdir. Lakin təbiidir ki, universitet bitirməklə aktyor olmaq olmur. Aktyor məhz teatrda yetişir.

- Yaxşı aktyor olmaq üçün nə etmək lazımdır ?

- Yaxşı aktyor olmaq üçün istedad lazımdır. İstedad yoxdursa, heç bir halda yaxşı aktyor olmaq mümkün deyil. Aktyorda şirinlik olmalıdır, əks halda tamaşaçı onu sevə bilməyəcək. Aktyor birbaşa tamaşaçanın ürəyinə təsir etməyi bacarmalıdır. Hansı ki, bu gün mənə yaxınlaşıb, hansısa rolum barədə danışırlar. Halbuki mən özüm belə o rolumu unutmuşaq artıq. Buna görə də mütləq şəkildə tamaşaçının qəlbinə təsir edə bilmək lazımdır.

- Azərbaycan teatrına hansı yeniliklərin gətirilməsini istərdiz ?

- İlk növbədə teatra qayğı lazımdır. Bundan əlavə isə gənc rejissorlara ehtiyac var. İstedadlı gənc rejissorlar teatra dəvət edilməlidir. Bir sözlə, teatra gənc rejissor, yeni nəfəs lazımdır. Bu zaman tamaşalar da daha rəngarəng olar.

Bütün xəbərlər Facebook səhifəmizdə