Buzovna kənd 4 nömrəli Uşaq İncəsənət məktəbinin uğurları - FOTO - VİDEO

Paytaxt Bakıdan bir xeyli uzaqda, ətraf qəsəbələrindən biri sayılan Buzovna Xəzər dənizinin kənarında yerləşir. Qəsəbə bura gələnləri bir andaca ovsunlayır, özünə çəkir, insan burada yaradılmış gözəllikdən valeh olur. Yol kənarındakı evlər, park və xiyabanlar Buzovnaya xüsusi yaraşıq verir.

Qəsəbədə 4 orta, 1 texniki peşə və 4 nömrəli Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. Qısa söhbətimiz də bu məktəblə bağlı olacaq. Uşaq İncəsənət məktəbi qəsəbənin kiçik sakinlərinə musiqi təhsili verir, uşaqlar burada bir çox ixtisaslara yiyələnirlər. Sevindirici haldır ki, dövlətimiz sakinlərin çoxluğunu nəzərə alaraq bir neçə il qabaq qəsəbədə 2 mərtəbəli müasir tipli geniş həyətli olan Uşaq İncəsənət məktəbi inşa edib. Hazırda həmin məktəbdə dərslər yüksək səviyyədə keçirilir.

Məktəbdə yüksək ixtisaslı müəllimlər çalışır. Məktəbin direktoru Cahangir Akif oğlu Süleymanov gənc olmasına baxmayaraq, çox savadlı, yüksək təcrübəyə malik müəllimdir. Əslində paytaxtdan uzaq qəsəbədə məktəbi belə bir yüksək səviyyədə qoruyub saxlamaq bacarıq tələb edir. Məktəbin həyəti yaşıllığa qərq olunub.

Cahangir müəllim bizimlə söhbətdə məktəbdə yaradılan şəraitdən, əldə edilən uğurlardan, gələcək üçün planlaşdırılan işlərdən danışdı və buzovnalı gənclərin 44 günlük Vətən müharibəsində iştirakını xatırlatdı, onların vətənpərvər ruhda böyüməsində ailələrinin, cəmiyyətimizin, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu yüksək qiymətləndirdi. Bildirdi ki, məktəbimizdə keçirilən tədbirlərdə şəhidlərimiz unudulmur, qazi və veteranlarımıza sayqı göstərilir, onların problemlərinə yardımçı olmağa çalışırıq.

Qeyd edək ki, məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar geniş foto güşəsi yaradılmışdır. Cahangir müəllim qeyd etdi ki, may ayının 12-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyyi ilə əlaqədar olaraq incəsənət məktəbində müəllim və şagirdlərin iştirakı ilə konsert təşkil olunacaq və bunun üçün artıq məşqlərə də başlanılıb.

İnanırıq ki, bu tədbir məktəbin tarixində və yaddaşlarımızda daimi qalacaqdır.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə