Çinin mədəni irsi və tarixini əks etdirən sərgi açılacaq

Martın 29-da Milli İncəsənət Muzeyində muzey, həmçinin Mədəniyyət Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılış mərasimi olacaq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə edib.

Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradacaqlar. Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.

Sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin, Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olacaq.

Qeyd edək ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə