“Avroviziya” təmsilçisi benefisiarlarla birgə rəqs edib

Azərbaycanı “Avroviziya-2021” Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Samirə Əfəndi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ifaçı müxtəlif yaradıcılıq studiyalarındakı təlim prosesini izləyərək əl işlərinin hazırlanma qaydası ilə maraqlanıb. O, musiqi studiyasında benefisiarların məşq prosesinə qoşulub, onlarla birgə canlı ifa edib.

Uşaqlıqdan incəsənətə böyük həvəs göstərən müğənni təsviri-incəsənət studiyasında rəsm çəkib, bədii oymada ilk dəfə bacarığını sınayıb.

Kapoeyra studiyasında təlim prosesini izləyən müğənni benefisiarlarla birlikdə "Mata Hari" mahnısının məşhur rəqs səhnəsini məşq edib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupa daxil olan şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə xidmət göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda 172 benefisiar aktiv şəkildə 14 yaradıcılıq istiqaməti üzrə təlimlərdə iştirakını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə