Onu təqdim etməyə ehtiyac yoxdur. Sakit təbiətli, onu tanıyanların sevimlisi, vətənsevər, müşviqşünas və nəhayət Xızı diyarının yetirməsi Sənan Talıbov haqqındadır dediklərimiz. Onunla ilk tanışlığımızda elə bildim ki, bəlkə də əlli ildir bir-birimizi tanıyırıq. Söhbətimiz tez alındı, musiqidən, mədəniyyətimizin indiki durumundan, görülən və görüləcək işlərdən xeyli danışdıq. Səmimiyyəti ilə insanı ovsunlayır, desəm yanılmaram.

Sənan müəllim bağlı olduğu peşəsini çox sevir. O qədər ki, hətta çalışdığı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı mütəxəssisi kimi fəaliyyətini davam etdirir, yoruldum da demir. Əslində peşəsini sevən insanlar məhz Sənan müəllim kimi olur, burada qeyri-adi bir hal yoxdur.

Sənan Talıbovun 60 yaşı tamam oldu bu gün. İşin çoxluğundan görüşə bilməsək də, müasir dövrün texnoloji imkanlarından istifadə edərək haqqında ürək sözlərimi yazmaq fürsətini fövtə vermədim. Düşünürəm ki, mənim yazdıqlarımı da səmimi qəbul edər. Əslində Sənan müəllim haqqında bildiklərimizn çox qısa xülasəsini verirəm. tam yazsam bəlkə də uzun çəkər. Vaxt, saat, zamanı ölçən cihazları insanlar icad edib. Sənan müəllimin təqvim yaşını bir kənara qoyaq, ona heç 30 bioloji yaş da vermək olmaz. Bir də 60 yaş nədir ki, Sənan müəllim. Müdrikliyin astanasıdır 60 yaş...

Bi az da Sənan Talıbovun keçdiyi həyat yoluna qısa nəzər salaq, əlbəttə bilməyənlər üçün. Həm də ona görə bu xatırlatmanı yazıram ki, bəlkə ömrünü mədəniyyətimizin inkişafına həsr etmiş nadir peşəkarlardan olan Sənan müəllimə layiq olduğu qiymət verilə...

S.Talıbov 16 mart 2004-cü il tarixindən bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ayrı-ayrı sektorlarında çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

2004-cü ildən 2013-cü ilə qədər Xızı rayon Mədəniyyət idarəsinin müdiri.

2014-cü ildən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təbliğat və statistik araşdırmalar, sonra Elmi araşdırmalar şöbələrinin müdiri, hal-hazırda isə aparıcı mütəxəssis kimi fəaliyyət göstərmişdir.

Sonda Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeirindən bir parçanı təqdim etməklə həm də diqqəti Sənan müəllimə yönəltmək istəyirəm:

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Bütün xəbərlər Facebook səhifəmizdə