Müasir günümüzdə hər tipdə insanla, o tip insanların yaratdığı hadisələrlə qarşılaşırıq. O tip insanların törətdikləri əməllərin əziyyətini isə əlbəttə ki, bizlər yaşayırıq. İstəsək də, istəməsək də. Hazırda cəmiyyətimizdə bəlkə də “hicab” sözünün, bu tərz geyimin mənasını bilməyən bəzi qadınlar peyda olub. Onlar başdan-ayağa qapanaraq guya özlərini din adamı hesab edirlər. Metroda, marşrut avtobuslarda, yolda-rizdə gənc qızlara yaxınlaşır və onları guya düz yola dəvət etmək istəyirlər.
Bu günlərdə həmin qızlardan biri onlar arasındakı dialoqu redaksiyamıza danışdı. Mən də fürsətdən istifadə edib həmin söhbəti qələmə aldım ki, bütün qızlar oxusunlar və belə fırıldaqçılara aldanmasınlar.
Həmin qız deyir ki, metroda eskalatordan enərkən bir hicablı gənc qadın mənə yaxınlaşdı. Dedi ki, sən niyə belə geyinmisən? Mən də şübhəyə düşdüm sanki, bir özümə göz gəzdirdim. Baxdım ki, üzərimdə artıq-əskik bir şey yoxdur. Belə olanda qadına “nə cür geyinmişəm ki?”,- dedim. O da qollarımı göstərib dedi ki, bunları nə üçün, kim üçün açmısan? Axı qadın qapalı geyinməlidir. Onu heç kim görməməlidir. Bax, biz hər gün yığışırıq, bu məsələləri danışırıq. Gəl sən də bizə qoşul, sən də öyrən, əsl həqiqətləri sən də bil.
Qız da həmin hicablı qadına deyib ki, axı mənim geyimimdə nə qüsur var ki? Normal geyimdir də.
Qadın da israrla onlara qoşulmasını söyləyib.
Qız da artıq əsəbləşdiyini hiss edib və ona “get öz işinlə məşğul ol, mənim dərdimi çəkmək sənə qalmayıb”,- deyə söyləyib.
Vurğulayım ki, həmin qız elə qadınla rastlaşdığı gün redaksiyamıza gəlmişdi və mən onun geyimində heç bir qüsur görmədim. Və elə o saat anladım ki, o qadın hansı qrupun üzvlərindən imiş...
Bu səbəbdən də, əziz qızlar, belələrinin “şirin” sözlərinə, “dillərinə” aldanmayın. Onların sizi haraya dəvət etdiyi və orada sizlərin başına hansı oyunların gələcəyi məlum deyil.
Əsla özünüzlə bağlı söhbətlərin açılmasına izn verməyin. Belələri ilə qarşılaşanda onların boş söhbətlərinə qulaq asmaq belə istəməyin. Çünki o söhbətlərin arxasında nələrin gizləndiyini bilmək olmur.
Onlar sizin iradənizi sınayır. Sizdə iradə zəifliyi görürsə, dilini bir az da şirinləşdirib məqsədinə doğru yola çıxır. Odur ki, harada bu cür insanlarla rastlaşsanız, onların sizinlə dialoqa girməsinə əsla imkan verməyin. Diqqətli olun, çünki məqsəd aydın deyil.
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB