Yaxşı yadımdadır, 1999-cu ilin şaxtalı son dekabr gecəsində kabinetini balacaboy Vladimir Putinə təhvil verəndə o vaxt artıq iflic hala düşmüş Boris Yeltsinin gözləri yaşarmışdı. Kremldə nostalji anlar yaşandı o məqamda. Yeni ili qarşılamaq üçün süfrə axasında “vodka”nı qucaqlayan ruslar, əsl şok yaşayırdı. İllərin araq düşkünü olan Boris Nikolayeviç sanki kabinetini deyil, axirət evini V.Putinə hədiyyə edirdi...
24 ilə yaxındır ki, Kremldə hakimiyyət başında oturan V.Putin bu gün “Vaqner” özəl hərbi qruplaşması tərəfindən devrilməklə üz-üzə qalıb. Bu gün Rusiya kriminallaşan acgöz məmur qruplaşmaları arasındakı amansız düşmənçik meydanına çevrilib. V.Putinin keçmiş aşpazı olan Priqojin pul qarşılığında döyüşən əsgərlərini Ukrayna ilə cəbhə xəttindən geri çəkib Rusiyanın şəhərlərinə doğru irəliləyir. Bilmirəm, bu oyundur, yoxsa Rusiya hakimiyyətinin daxilindəki qruplaşmaların amansız düşmənçiliyinin açıq mübarizəsidir - hər nədirsə V.Putin üçün ÇOX PİS İŞLƏRDİR. Ən azı “Vaqner”in qiyam addımı Rusiyadakı ab-havanı mütləq dəyişəcək, burası tam əminliklə belədir. Kreml bu qiyamı amansız da olsa yatıracaqmı, yoxsa bütün Rusiyanı ölümcül xaos bürüyəcək - burasını bilmirəm. İndi mən bu yazını yazdığım dəqiqələrdə Rusiya bir qorxu dolu xaos içindədir. Aydın olan odur ki, “Vaqner” Rusiyanın müdafiə naziri Sergey Şoyqunun düşmənidir. Muzdlu döyüşçülər də məhz onlara qarşı ədalətsizlik və düşmənçilik səbəbindən qiyam qaldırdıqlarını bəyan ediblər.
Qısacası, muzdlu əsgərlər Rusiyaya qarşı açıq müharibəyə başlayıblar və bunun sonunun necə qurtarmasından, kimlərin bu yürüşdə onlara qoşulub-qoşulmayacağından asılı olmayaraq V.Putinin hakimiyyəti üçün ciddi çalxalanma başlayıb. Rusiya liderinin xalqa müraciətində, məhz diqqət çəkiləsi məqam da budur: “Biz hakimiyyətin parçalanmasına imkan verməyəcəyik”. Demək, Kremldə ciddi parçalanma amansız düşmənçiliyə çevrilib. Necə deyərlər, V.Putin erası qanlı-qadalı olsa da, sona çatır deyəsən…
Kimdir V.Putin, hakimiyyətə gəldikdən sonra Rusiya üçün nə etdi, Rusiyanı və rusları haradan hara gətirdi? Kremldə 24 ilə yaxınlaşan hakimiyyəti zamanı Rusiya bir dövlət olaraq balacaboy V.Putindən nə qazandı, nə itirdi? Bu suallara cavab tapmaq üçün hazırkı Rusiyanın görkəminə nəzər salmaq kifayətdir məncə. V.Putin tarixi baxımdan xarizmatik liderdir, burası mübahisəsiz belədir. O, SSRİ-nin süqutundan sonra dünya siyasətində qapazaltı vəziyyətinə düşən Rusiyanın dünyadakı imicini özünə qaytardı və onunla hesablaşmağın çox vacib olduğunu dünya güclərinə diktə etdi. Keçmiş KQB generalı o dərəcədə özünə və gücünə əmin oldu ki, hətta ABŞ-dakı seçkilərə barmaq uzadacaq qədər güc nümayiş etdirdi. Amma nəyin hesabına? Məhv edilmiş rus ədəbiyyatı, çökmüş Rusiya iqtisadiyyatı, incəsənəti, elmi tərəqqisi, B.Yeltsinin dövründəki intellektual televiziya proqramları əvəzinə gecə-gündüz Vladimirə yaltaqlanan iyrənc siyasi tok-şouların həyasız dərəcəyə çatması HESABINA!
Amma tarixi baxımdan ruslar daha V.Putinin despot idarəsi altında yaşaya bilmirlər. Rusiya cəmiyyəti, sözün əsl mənasında, despot idarəçiliyin yumruğu altında boğulur, vəssalam. Baxın, illərdir balacaboy sovet çekistinə qarşı cınqırını çıxarmağa cəsarəti olmayan “vodka” sevdalı ruslar, artıq Moskva və Peterburq küçələrində ucadan etiraz mahnıları oxumağa başlayıblar. Müxalifətçi blogger Aleksey Navalnının V.Putinə qarşı məhəllə davasına bənzər səs-küy salması, 20 illik “dəmir yumruqdan” bezən rusları dilə gətirib. Əvvəllər Kreml sahibinə qarşı narazılıqlarını öz evlərində və iş yerlərində sakitcə, pıçıltı ilə dilə gətirən ruslar, indi artıq küçələrdə ona qarşı şüarlar səsləndirirlər. Özü də A.Novalnını dəstəkləməklə!
Məşhur tezisdə deyildiyi kimi, “İnqilab o zaman baş verir ki, yuxarıdakılar əvvəlki qaydada idarə edə bilmir, aşağıdakılar isə, əvvəlki kimi yaşamaq istəmirlər.” İndiki halda V.Putindən narazılıq səsini getdikcə daha da gur çıxarmağa başlayan Rusiya cəmiyyətinin inqilaba hazır olub-olmadığını müəyyənləşdirmək hələ tezdir. Amma Rusiyanı bürüyən cinayətkar məmur şəbəkəsi, iqtisadi böhran, sosial partlayış həddinə çatan ürəkağrıdan vəziyyət artıq bu cür davam etmənin mümkün olmayacağının siqnalını verir. V.Putinin 23 illik “dəmir yumruğu” ilə rusları bundan sonra daha bir neçə il idarə etmək çətin olacaq deyəsən...
Bütün günü tutuquşu kimi V.Putini zəhlətökən şəkildə tərifləmək, ona yaltaqlanmaq üçün ən həyasız cildlərə girən Marqarita simonyanlar, solovyovlar, daha kimlər, kimlər… Hazırkı Rusiyanın acı tablosudur bu. “Vaqner” nəyə nail olacaq bunu bilmək çətindir. Amma Rusiyada hər şey başqa cürə olacaq. Çünki Rusiya tarixində heç vaxt dincliklə hakimiyyət dəyişikliyi olmayıb. Bir sözlə, V.Putin öz “meyvələrini dərir“, acısını isə mütləq bütün Rusiya çəkəcək. Rusiya həm də yeni dəyişikliklərə “hamilədir”. Qanlı-qadalı olsa belə...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB