Hamı həsrətlə bu günü gözləyir. Səbirsiz olub müxtəlif rəqəmlər səsləndirənlər, hətta daha “dəqiq” məlumata sahib olduqlarını isbat etməyə çalışanlar da az deyil. Bəli, söhbət Ermənistanın Azərbaycana ödəməli olduğu, ödəyəcəyi, ödəməyə borclu olduğu və hətta ödəməkdən başqa çıxış yolu qalmadığı təzminatdan gedir söhbət. Nə üçün? Hələ də fil qulağında yatan bəndələrə baş verənləri, torpaqlarımızın kim tərəfindən işğal olunduğunu və bu ikiayaqlı yırtıcıların bir milyona yaxın vətəndaşımızı öz isti ocağından necə didərgin saldıqlarını, evləri necə viran qoyduqlarını, on minlərlə insanımızı qətlə yetirdiklərini, minlərlə azərbaycanlını əsir-girov götürdüklərini, 5 minə yaxın soydaşımızı izsiz-soraqsız itirdiklərini, milli-mədəni abidələrimizi taladıqlarını, dini abidələrimizi dağıtdıqlarını, onlara qarşı vandallıq etdiklərini, yeraltı və yerüstü sərvətlərimizi qərbli ağalarının dəstəyi ilə sömürdüklərini bir daha sadalamalı olacağıq.

Əlbəttə, bütün bunlara görə cinayətkar etdiklərinə görə cəzalandırılmalıdır. İşğalçı erməni ordusunun əsgəri döyüş meydanında öz canı ilə bunun bədəlini ödədiyi kimi, onun başında duranlar, öz xalqını uydurma ideologiyanın qurbanına çevirənlər, özlərini “məzlum millət” çətirinin altında gizlədib məskunlaşdığı torpaqların əsl sahiblərinə xəyanət edənlər də məhşər ayağına çəkilməlidirlər. Döblət adlanan, əslində isə dərnək təmayüllü qondarma qurum – Ermənistan isə öz büdcəsinə əl gəzdirməklə, yaxud dibini süpürməklə, hətta ağalarında külli miqdarda para borclanıb borcluya – Azərbaycana ödəməklə canını qismən qurtara bilər.
Kimsənin zərrə qədər də şübhəsi olmasın ki, Ermənistan Azərbaycana vurduğu ziyanı qəpiyinə, şahısına, abbasısına, dinarına-dirhəminə qədər ödəyəcək. Artıq Ermənistanda da bu barədə danışırlar. Ermənistan mətbuatına müsahibəsində politoloq Argişti Kiviryan deyib ki, Azərbaycan Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcək: “Azərbaycan əraziləri qanuniləşdirir. Ola bilsin ki, Azərbaycan Zəngəzur (ermənilər Sünik deyir) dəhlizini öz yurisdiksiyasına verilməsini tələb etsin”.

Rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyana görə Azərbaycana təzminat ödənişi məsələsi əsaslı olaraq müzakirəyə çıxarılmalıdır. O, Ermənistanın törətdiyi dağıntıları qiymətləndirərək deyib ki, Qarabağda az qala hər şeyin ucdantutma məhv edildiyi nəzərə alınsa, ödəniləcək təzminat təxminən, 60-100 milyard dollar həcmində ola bilər. Sözsüz ki, Qərb ölkələrindəki erməni lobbisi də, erməni diasporu da bu məsələnin baş tutmaması üçün Azərbaycan hökumətinə hərtərəfli təzyiqlər göstərəcək.

Ona görə də Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi dağıntılara görə Azərbaycana təzminat ödəməsi istiqamətində beynəlxalq hüquq çərçivəsində məsələ qaldırılmalı, əsaslandırılmalı, həll edilməsi üçün beynəlxalq birliklə birgə addımlar atılmalıdır. Bu məsələni qaldırmaq, beynəlxalq qurumların müvafiq qərarlar vermələrinə nail olmaq üçün Azərbaycan XİN və aidiyyəti qurumlar lazımi çalışmalar aparmalıdırlar.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində təkcə ekologiyaya dəyən ziyan 16,2 milyard manat həddindədir. Baş Prokurorluq və Azərbaycan XİN-in hesabatlarında da bu rəqəm göstərilib. 6 xarici şirkət işğal olunmuş ərazilərdə qanunsuz təsərrüfat fəaliyyəti həyata keçirərək Azərbaycana 306,8 milyon manat məbləğində ziyan vurub. Əslində, qat-qat böyük bir məbləğdən söhbət getməlidir və gedəcək.

Bəzi mənbələr isə Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan təzminatın 1 trilyon dollar oldundan danışır. Atatürk Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Kərəm Qarabulutun fikrincə, ermənilərin Azərbaycan torpaqlarına vurduğu ziyanın məbləği bundan az deyil. Azərbaycana dəymiş ziyan 2020-də 50 milyard dollar civarında qeyd olunurdusa, 2021-də 70, 2022-nin əvvəli 90 milyard dollar olaraq dəyərləndirilirdi. Rəqəmlərdəki fərqin səbəbi odur ki, dəymiş ziyanın hesablanması hər yerdə aparılmır. Hələ də Şuşa ətrafı kəndlər, Xocavəndin yarısı, Ağdərə, Əsgəran, Xankəndi, Xocalı kimi rayonlar sülhməramlıların nəzarətində, dolayısı ilə qanunsuz erməni birləşmələrinin mövcud olduğu ərazidir. Belə olan halda dəymiş ziyanın məbləği də artırır. İrəvanın Bakıya ödəməli olduğu təzminatın tam məbləği yalnız sülh müqaviləsindən sonra, sülhməramlıların müvəqqəti məsuliyyət zonasının Azərbaycan qanunvericiliyinə keçməsindən sonra hesablanacaq.

30 il ərzində dəymiş ziyana görə maddi təzminatın tələb olunması ilkin olaraq Ağdam, Füzuli, Hadrut, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərə dəymiş ziyana görə hesablanacaq. Ermənistanı yüz milyardlarla dollar ödətməyə nail olmaq realdır. Müflisləşmə Ermənistanda vətəndaş müharibəsini alovlandıracaq. Belə olan halda Zəngəzur dəhlizini açmaq asanlaşar. Xocalı vəhşiliklərinə, Ağdərənin, Kəlbəcərin, Zəngilanın qızıl və digər qiymətli yataqlarını taladığına görə ermənilər cavab verməli olacaqlar. Aparılan işğalçı müharibə, terror nəticəsində ölkəmizə yüz milyardlarla dollar zərər vurulub, minlərlə insanımız öldürülüb, şikəst edilib, itkin düşüb, 20-ci əsrin ən böyük müharibə cinayətlərindən olan Xocalı soyqırımı törədilib. Bütün bunların maddi dəyəri məbləğlə, rəqəmlərlə ölçülə bilməz.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə