Nədənsə cəmiyyətimizin əksər fərdi ana olmağın mahiyyətini anlamamaqda davam edir. Onlar düşünürlər ki, uşaq doğdunsa, oldun ana. Lakin bu fikirlə qətiyyən razılaşmayanlardan biri kimi deyərdim ki, əlbəttə, uşaq doğmaq heç də ana olmaq deyil. Qarşıda anaya məxsus vəzifələri yerinə yetirəndə, ana anlayışını anlayıb buna uyğun davrananda və həyat verdiyin övladın üçün bu həyatda ana olmağı bacaranda ana olursan, bu adı haqq edirsən. Yoxsa hər an dünyaya insan gəlir. Onların hər birini isə bir qadın dünyaya gətirir. Belə olan halda onların hər biri anadırmı?

Ana olmasından cəmi bir neçə saat sonra uşağını küçəyə atanlar var, onlar anadırmı? Uşağına süd verməkdən imtina edən qadınlar var, onlar anadırmı? Övladını hansı yolla olursa-olsun, qazanc dalınca göndərib özü evdə oturanlar var, onlar anadırmı? Uşağının təhsilinə, sağlamlığına əhəmiyyət verməyən qadınlar var, onlar necə, anadırmı? Yoxsa 13 yaşlı qızını 37 yaşlı kişiyə rəva bilən anadır?..

Bəli, ana öz azyaşlı, məktəbyaşlı balasını ondan 24 yaş böyük dayıoğlusu ilə nişanlayır. İddiaya baxın: ərim həbsxanadadır. Çıxanda məni öldürəcək, qız qalacaq ortalıqda. Ona kim baxacaq?

Birincisi, dayıoğluda arsızlığa baxın. Belələrinə fürsətdən istifadə edən adamlar deyirlər. Uşağın atasızlığından, anasının ana adının mahiyyətini dərk etməməsindən istifadə edib körpə uşağa sahiblənmək istəyir. Utanmadan onunla evlənməyə razılıq verir.

İkincisi, dayıoğlunun anasında düşüncəsizliyə baxın ki, 37 yaşlı oğlu olan ananın yəqin 60-a yaxın yaşı var, bu qadın nəinki analığın, ağbirçəkliyin nə demək olduğunu dərk etmir. Demir ki, ay bala, bu böyük qəbahətdir. O sənin tay-tuşun deyil.

Üçüncüsü, 13 yaşlı körpənin anasında ana adına layiq olmayan nüansa baxın. Əri bunu öldürəcək deyə, o da qızını öldürmək istəyir. Düşünür ki, onu qoruyur, amma anlamır ki, onu daha dəhşətli bir ölümə yuvarladır. O ölüm ki, qızını zərrə-zərrə məhv edəcək. Süründürə-süründürə sonuna çıxacaq.

13 yaşlı uşaq nə anlayır nişan nədir, toy nədir? Bu uşaq oxumaq istəyir, niyə qoymursunuz məktəbə? Başqa dövlətlərdəki kimi məktəb ödənişlidirmi? Xeyr, hər kəsin qapısını aça biləcəyi təhsil ocaqlarımız var. Ölkəmizdə təhsil pulsuzdur. Bəs nədir məqsəd qızını məktəbdən uşaqlaşdıran bu anada? Ona ər tapmaqmı, onun hesabına dolanışıq yolu seçməkmi?

Ana olmaq... Vallah bilmirəm ağlayım, yoxsa, gülüm... Ana olmaq elə böyük bir anlayışdır ki, bunu dərk etmədən ana ola bilməzsən.

Doğmayın, nə olar, doğmayın bu uşaqları... Onlara zülm vermək üçün gətirməyin dünyaya. Nə səbəbə doğursunuz onları? Nə üçün bəzən günahlarınızın, bəzən kiməsə bağlanmaq kimi istəklərinizin qurbanı edirsiniz bu uşaqları, nə üçün?

İndi hansı əsrdəyik ki, 13 yaşlı qızımızı ərə verək. Qayınana deyir ki, biz nişan qoyuruq da, toyu nikah yaşında edəcəyik. Sual verirəm, məgər 13 yaş nişanlanmaq vaxtıdır? Ay ana, sən nə danışdığını anlayırsanmı? Belə hər şeyin yerini bilənsənsə, deyərdin ki, 13 yaş nişanlanmaq vaxtı deyil də...

Siz yaxşı qohumsunuzsa, köməklik göstərin, ailəni vəziyyətdən çıxarın, qızcığazın oxumasına yardım edin. Onu yaxşı bir gənc kimi yetişdirin. Sabah da o sizə kömək edər, əl tutar. Yoxsa fürsətdən istifadə edib körpə uşağın başına bu cür oyunlar gətirməyin. Allahı görün yuxarıda.

Vallah, adamı heyrət bürüyür: ana deyilən varlığın 13 yaşlı balasını 37 yaşlı kişiyə rəva bilməsinə necə qərar verdiyi yalnız heyrət doğurur...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə