“Novostroyka”larda AĞA kimdir: sakinlər, yoxsa MTK-lar?

Yeni tikili, yeni arzular, rahat həyat... vaxtı ilə sovet dövründə “stalinka”lar, “xruşşovka”lar, daha sonralar “Kiyev”, “Minsk”, “Leninqrad” tipli yaşayış evləri sovet adamları üçün əsl rahatlıq və bir qədər də əlçatmaz görünərdi. Şəhərlərin şəhər olan vaxtında şəhər əhli öz dörd divar mənzilləri ilə öyünərdilər. Vaxt keçdi, zaman tamam dəyişdi və bu gün şəhərlərdə yeni tikililər, el dilində desək, “novostroykalar” ən prestij yaşayış binası sayılır. Məsələn, şəhərdə yaşayasan, “novostroykada” yaşamayasan, bir az qəribə baxırlar adama. Zamanla ayaqlaşmayan insanlar kimi görünürsən. Yeni tikililər olduqca geniş olduğu üçün bir müddət köhnə sovet evlərinin nüfuzunu da, qiymətini də tamamilə “öldürmüşdülər”. Amma.. əmmasını bir qədər sonra açıqlayacam sizə.

Köhnə sovet evlərindən fərqli olaraq bu “novostroykalar”da qonum-qonşu, dost-aşna anlayışı yoxdur. Sanki hərəni bir yerdən yığıb doldurublar bu göydələnlərə. Qonşu qonşunun adını bilmək, salam vermək bir yana, heç üzündən tanımır. Sovet evlərində ata-babası qonşu olanlar, məhəllədə çoxdan yaşayan yerli sakinlər kimin kim olduğunu, hansı mərtəbədə yaşadığını, əslini-nəslini tanıyırdılar. Yad insanlar məhəllədə dolaşanda hər kəsin diqqətini cəlb edərdi. İndiki yeni tikililərdə bu fakt çoxdan önəmini itirib. İndi “novostroykalar”da hərə bir-iki il yaşayıb dərhal da yaşayış yerini dəyişir. Bir adam bir neçə bina dəyişir. Amma qabaq bir nəsil bütöv bir dövrdə yaşayardı bir binada. Hə, gələk yuxarıdakı ƏMMAYA....

Məsələ ondadır ki, yeni tikililər meydana gələn vaxtlar camaat daha rahat yaşamaq üçün köhnə evləri gözdən çıxarıb köçürdülər bu evlərə. Əvvəlcə ilk vaxtlar kooperativ formasında tikilirdi bu evlər, sonra MTK-lar meydana gəldi. Amma dəhşətli günlər də elə həmin bu MTK-ların “doğulması” ilə başladı. Sovet evlərinə JEK-lər nəzarət edirsə, yeni tikililər MTK-ların qaydasız qazanc mənbəyinə çevrildi. Nə oyunlar açmadılar yazıq camaatın başına. İndi daha dəhşətli oyunlar açırlar sakinlərin başına. Binanın tikintisi ilə məşğul olmalı olan bu MTK-lar, sonradan binanın idarəçiliyini də ələ keçirib hər kvadratmetrə görə astronomik aylıq ödəniş təyin edirlər. Lift pulu, zibil yığışdırmaq pulu adı ilə onqat pul yığılır sakinlərdən. Məhz elə bu amillərə görə indi camaat beşəlli yapışıb köhnə sovet evlərindən. Təsadüfi deyil ki, indi Bakıda köhnə sovet evləri “novostroykalar”dan qat-qat bahadır.

Yeni tikililərdə mənzilə çıxarış almaq zamanı gələndə məlum olur ki, müqavilədə göstərilən kvadratmetrdən azı 7-8 kvadrat kəsilib atılır. Halbuki həmin 7-8 kvadratmetrin pulunu MTK-lar əkişdiriblər, heç bir məsuliyyət də daşımırlar. Bütün MTK-larda bu, o qədər adi hal alıb ki, sanki elə belə də olmalı imiş. Bəs bu MTK-ların qanunsuzluqları barədə bir tədbir görülürmü, soruşulurmu ki, vətəndaşın alın təri ilə qazandığı pulları cibinə qoyanda müqavilədəki şərtlərə niyə əməl etmirsən?-inanan daşa dönsün!
Yeni aldığın suvaqsız evini təmir etmək istəyirsənsə, “sayğacpulu” və təmir üçün tikinti materialını yuxarı mərtəbəyə qaldırmağa görə istifadə olunan kustar yük qaldırıcıya görə əlavə pul ödəməlisən. Azı 2000-3000 manat civarında! Halbuki artıq neçə ildir qaz sayğaclarının quraşdırılması dövlətin hesabına həyata keçirilir. Balaca “luqotka” deyilən yükqaldırıcı üçün 1500 manat almaq hansı dinə, hansı insanlığa sığır? Hələ ən dəhşətlisi bilirsiniz nədir? - səninlə heç bir xidmət müqaviləsi bağlamadan hər otaq başına 30-40 manat “xidməthaqqı” alırlar. Dəhşətlisi budur ki, bu “xidməthaqqı” sən evini təmir etməsən də, o evdə yaşayış olmasa da, səndən tələb olunur. Mən evimdə yaşamıram, təmir etməmişəm, HANSI “XİDMƏTHAQQI” ÖDƏYİM????

Hələ mən sağlamlıq üçün ölümcül təhlükə sayılan, löhmələrdən, heç bir standarta uyğun gəlməyən yerlərdən götürülən yararsız suyun “bəh-bəhlə” əhaliyə verilməsini demirəm. Xlorlu, bulanıq, mədə-bağırsaq üçün ölümcül virus anbarı sayılan çirkli su təmiz su adı ilə əhaliyə sırıdılır. Əvəzində təmiz suyun pulu alınır. Bəs NƏZARƏT??? Əsl bərbad bir yaşayış və xidmət sistemi. Tam bir barbarlıq. Heç bir şəhər mədəniyyətinə uyğun olmayan xaotik, özfəaliyyət dərnəyinə bərabər işlər gedir yeni tikililərdə. Heç cür anlamaq olmur ki, bu MTK-ların vəzifəsi binaları tikib təhvil verməkdən ibarətdirsə, bu yeni binaları cənginə keçirib cəngəllik “qanunları” ilə idarə etməyə kim ixtiyar verib bunlara? Bu yeni tikililərin işbazların, qanunsuz MTK-ların cəngindən xilas edilib dövlətin nəzarətinə keçməsinin zamanı gəlmədimi? Bir ara təmirsiz yeni tikililərdə bir mənzilin bir neçə vətəndaşa satılması adi hal almışdı. Hətta son günlərdə də belə cinayət işlərinin arada-sırada baş verməsi barədə mətbuatda məlumatlar dərc olunur. Və sonda tək məntiq budur: yeni tikililərin dövlətin idarəçiliyi altında keçməsi olduqca vacibdir. “Novostroykalar”dakı xaos və rəzalət böyüyüb ciddi sosial partlayışa çevrilməmiş...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə