Oxşar dodaqlar, oxşar burunlar... nəticə...

Nəticə bundan ibarətdir ki, indi qadınların hamısı bir-birinə oxşayır. Nə üçün? Mən deyim, siz də dinləyin. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür etdi.

Burun əməliyyatını anlamaq olur haradasa. Bəzən elə burunlar olur ki, ya tibbi nöqteyi-nəzərdən, ya da görünüş baxımından əməliyyata ehtiyacı olur. Əslində bütün estetik əməliyyatlarla Allaha qarşı çıxırıq, bu, məlumdur. Lakin edirik də, bu da qarşısıalınmazdır. Belə olan halda sağlamlığa və ya gözəl görünməyə əngəl yaradan burunların əməliyyat olunması başadüşüləndir.

Bəs dodaqların şişirdilməsi necə, vacibdirmi? Bu, nəyi dəyişir, nəyə xidmət edir? Bax bu suallara illərdir ki, cavab axtarıram, lakin hələ də tapa bilmirəm. Küçədə, mağazada, marketdə bir də baxırsan ki, neçə qadın varsa, hamısı bir-birinin bənzəridir. Dodaqlar, necə deyərlər, üç metr qabaqda, burunlar yuxarıda- ox kimi.

Belə baxırsan, baxırsan, deyirsən, İlahi, insan da özünü bu günə salarmı? Bu boyda dodaqların nə mənası var. Axı Allah-təala məsləhət bilib bunu qaydasında-qanununda verib də... Amma nə fayda? Bunu anlayan, düşünən varmı? Elə bu səbəbdən də şişmə dodaqlar dəbə düşüb və əksər qadın düşünmədən-daşınmadan qaçır kosmetoloq yanına ki, mənim dodağımı şişirt. Bu iş üçün həm də qadınlarımız heç də həmişə həkim-kosmetoloqlara deyil, adi bir gözəllik salonunda bu işlə məşğul olanlara müraciət edirlər ki, nəticə adamı dəhşətə gətirir. Bir də baxırsan ki, qarşıdan bir qadın gəlir, ağız-dodağını heç cür yığıb-yığışdıra bilmir. Vallah, adamın yazığı gəlir. Bəzi halda utandıqları, insanlardan qüsurlarını gizlətməyə çalışdıqları da gözdən yayınmır. Amma, çox təəssüf ki, iş işdən keçmişdir.

Bəli, heç bir təhsili olmayan, sadəcə oradan-buradan necə gəldi öyrənib özünü kosmetoloq adlandıranlar qadınlarımızın başına bu oyunları gətirirlər.

Tək dodaqlar deyil, elə burunlar da var ki, üç dəfə təkrar əməliyyat olunmasına baxmayaraq hələ də normal burundan xeyli uzaqdadır. Bu cür burunları daşıyan qadınlarla qarşılaşanda isə onun əziyyətinə və çəkdiyi xərcə heyfisilənib işinin öhdəsindən gələ bilməyən həkimləri ittiham etməkdən başqa çarə qalmır.

Tək dodaq, burunmu? Xeyir. İndi artıq qalıcı olaraq qaşların formaya salınması və kirpiklərin uzadılması, saçların istənilən uzunluğa çatdırılması da qadınlarımız arasında dəbə çevrilib. Bax elə bütün bunlara görə də tez-tez bir-birinə oxşar qadınlarla qarşılaşmaq olur. Burunlar , dodaqlar, qaşlar, kirpiklər, saçları eyni olan qadınlarla...

Lakin hər bir qadın üçün özünəməxsusluqdan gözəl nə ola bilər? Özünə məxsus burun, dodaq quruluşu, özünə məxsus saçlar, qaşlar, kirpiklər... Qadınlarımız əsrlərlə bütün bunlarla bir-birindən fərqli olmayıblarmı? Bir-birilərindən bu gözəllikləri ilə seçilməyiblərmi? Biz nə üçün müasirləşdikcə özümüzdən uzaqlaşırıq? Nə üçün Allahın verdiyi qaşları ləğv edib yerinə şahə qalxan qaş döydürürük? Nə üçün püstə ağzımızı qarpıza çeviririk? Nə üçün qıvrılıb yuxarı qalxan, gözlərimizə işığın düşməsini əngəlləyən kirpiklərlə gəzməli oluruq?

Görəsən müasirlik budurmu? Müasirlik deyəndə ifratmı başa düşülməlidir? Əsla. Məni bu silsilədən olan bütün yazılarımda geridə qalmış geridə qalmış hesab edənlər az deyil, bilirəm. Bilsinlər, ziyanı yoxdur. Lakin elə bilirəm fikirlərimlə razılaşanlar olar ki, müasirlik bu qədər ifrata xidmət etməməlidir. Bizlər bir-birimizə nə üçün oxşamalıyıq ki? Əksinə, özümüzə məxsusluğumuz ilə bir-birimizdən fəqlənməliyik. Məhz bu halda qadın gözəlliyi ortaya çıxır.

Gözəlliyimizi, həm də təbii gözəlliyimizi kosmetoloqların əllərində məhv etməyək, əziz qadınlar... Bir-birimizə deyil, özümüzə oxşayaq!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə