Cənubi Qafqazın aparıcı hərbi qüvvəsi - Azərbaycan Ordusu

İlham Əliyev: “Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar”

Güclü dövlətin güclü ordusu olmalıdır. Bu gün sürətlə inkişaf edən Azərbaycanın silahlı qüvvələri də ölkənin bu inkişaf tempinə uyğun şəkildə formalaşır, daha da güclənir və qüdrətlənir. Azərbaycan Respublikasının Milli Ordusu-respublikamızın təhlükəsizliyini, xalqın əmin-amanlığını və müdafiəsini təmin etmək, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.

Ordu haqqında yanlış rəy formalaşdırmaqda məqsəd nədir?

Son vaxtlar bəzi KİV-lərin ordu ilə bağlı müxtəlif məsələləri intensiv müzakirə obyektinə çevirməsi və bu sırada ölkənin milli maraqlarından irəli gələn strateji əhəmiyyətli məqamları bir qayda olaraq arxa plana keçirməsi ciddi narahatlıq doğurur. Müxtəlif güclərin maraqlarına xidmət edən insanların şəxsi ambisiyalarından irəli gələn və əksər hallarda hətta etik normaları belə aşan bu cur müzakirələr Silahlı Qüvvələrimizin yerinə yetirdiyi vəzifəyə kölgə salır. Bu qüvvələr böhtan və əsassız xəbərlər yaymaqla ordu haqqında ictimaiyyətdə yanlış və qeyri-obyektiv rəy formalaşdırmaq və Silahlı Qüvvələrimizi gözdən salmaq məqsədi güdür.

Ordumuza qarşı təbliğatın güclənməsində son hadisələrdən də göründüyü kimi, əsasən Silahlı Qüvvələrdə baş verən ölüm hadisələri dayanır. Düzdür hər bir əsgər itkisi sözlə tərif edilməyəcək dərəcədə bizim üçün ağırdır. Ancaq silahlı qurum kimi orduda silahla törədilən qanundankənar əməllər istisnası mümkünsüz sayılan cinayətlərdəndir. Ölkə prezidenti İlham Əliyevin söylədiyi kimi, "Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür".

Müdafiə Nazirliyi də baş verən hər hansı neqativ halı nəinki inkar etmir, əksinə, qanunun aliliyini qorumaq, problemləri aradan qaldırmaq məqsədilə mövcud olan bütün imkanlardan daim maksimim istifadə edir.

Xaricidə bu cür hadisələrdən heç kim qalmaqal yaratmır

Bir şeyə diqqət etmək lazımdır ki, Müdafiə Nazirliyinin əksər birlik və birləşmələri bir qayda olaraq döyüş tapşırığını yerinə yetirir. Bu zaman bəzən müəyyən xoşagəlməz hadisələrin, cinayət xarakterli insidentlərin baş verməsi ilə nəticələnən hadisələr baş bilər. Bu kimi faktlardan dünyanın ən aparıcı dövlətlərinin orduları belə sığortalanmayıb. Məsələn, ABŞ ordusunda 2012-ci ildə rəsmi qeydiyyata götürülmüş intihar sayı 349-dur. Məlumata görə, 2011-ci ildə bu rəqəm sadəcə 301 olmuşdu. Bəzi ekspertlər hesab edir ki, bu il intiharlar daha da çoxalacaq. Və yaxud Amerika bazalarının birində öz həmkarları ilə mübahisə edən hərbçi onları yaylım atəşinə tutub, nəticədə beş əsgər həlak olub, beşi isə ağır yaralanıb. Ötən il Rusiya ordusunda 471 hərbi qulluqçu həlak olub. Rəsmi açıqlamalara əsasən Türkiyədə son 10 il ərzində təkcə intihar etməklə özünü öldürən əsgərlərin sayı 935 nəfər olub. Son 10 ildə isə İsrail ordusu intihar səbəbindən 237 əsgərini itirib. Ancaq həmin ölkələrdə baş verən faciəli hadisələrdən heç kim cəmiyyətdə ajiotaj, hərc-mərclik yaratmaq üçün istifadə etməyib və ya ordunun xalqın gözündən salmaq üçün "vətənpərvərlik" nümayiş etdirməyiblər.

İstənilən halda əsas məqsəd ölkədəki sabit vəziyyəti gərginləşdirməyə, xüsusilə ordu ilə xalqın birliyini sarsıtmağa yönəlib. Təəssüf ki, müxalifət düşərgəsinə mənsub bəzi QHT-lərdən, o cümlədən KİV-lərdən xarici güclər çox ucuz alət kimi istifadə edirlər. "Yeni Müsavat", "Azadlıq" kimi qəzetlərin səhifələrində mütəmadi olaraq Silahlı Qüvvələrlə bağlı əsası olmayan, qərəzli, təxribat dolu xəbərlər yer alır. Onlar özlərini guya ki, əsl vətənpərvər kimi xalqa sırımağa çalışsalar da, əslində düşmən dəyirmanına bilərək su tökürlər. Bu işdə həmçinin vaxtilə yararsız xidmətlərinə görə, Müdafiə Nazirliyində uzaqlaşdırılan sabiq hərbçilərdən də istifadə olunur. Hər hansı bir fransız, yaxud ingilis "cildinə" girən erməni öz pulu hesabına "Yeni Müsavat", "Azadlıq" qəzetinin rəhbərlərini satın alır və onlardan ordumuza qarşı hazırlanan təxribat ssenarilərində artist kimi istifadə edirlər və etiraf edək ki, bəzən öz məqsədlərinə çatırlar.

Baş vermiş hər hansı hadisəyə hüquqi qiymət verilmədən, istintaq tədqiqatları yekunlaşdırılmadan yuxarıda adı çəkilən qəzetlərin ortaya atdıqları "isti xəbərlər" ordu ilə sıx bağlı olan əhalinin düşüncəsinə mənfi təsir göstərir. Sadə insanların böyük kəsimi üçün ilkin məlumatlar sonradan verilən düzgün və dolğun xəbərləri kölgədə qoyur.

Bu informasiya daşıyıcıları təkcə öz maraqlarını, siyasi iddialarını fikirləşir. Milli maraqlar isə nəinki arxa planda, ümumiyyətlə düşüncələrinin ən alt qatında belə yer almır. Məqsəd isə dövlətin bel sütunu olan Silahlı Qüvvələrə inamsızlıq yaratmaq, xüsusilə gənc nəsildə orduya inam və etimadı sarsıtmaq və bundan öz niyyətlərini həyata keçirməkdən ötrü bəhrələnməkdir. Müharibə şəraitində yaşayan bir ölkədə hər bir informasiya daşıyıcısı dərk etməlidir ki, ötürülən hər bir informasiyadan dövlətin təhlükəsizliyi, xalqın, ayrı-ayrı insanların taleyi asılıdır.

Ötən il hərbi xərclərimiz üç milyard dollardan çox olub

Bu il yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev ordu quruculuğu istiqamətində aparılan tədbirlərdən bəhs edərkən bu yöndə 2012-ci ildə də böyük işlər görüldüyünü deyib: "Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınıb, infrastruktur yaradılıb".

Prezident qeyd edib ki, ötən il ümumi hərbi xərclər üç milyard dollardan çox olub: "Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".

Gündən-günə güclənən Azərbaycan ordusunun müasir texnika ilə təminatı, tədrisin NATO standartları səviyyəsinə çatdırılması artıq öz bəhrəsini verir. Zaman-zaman Azərbaycan və Ermənistan ordularının müqayisəli təhlili aparılır.

SİPRİ, Dünya Silah Ticarətinin Analizi Mərkəzi (SAMTO) kimi təşkilatların hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim edilmiş məlumatların analizlərinə əsasən, Azərbaycan 2001-2011-ci illərdə müxtəlif ölkələrdən 450-dən artıq müxtəlif çaplı raket-artilleriya sistemləri satın alıb. Bunun 120-yə yaxınını iri çaplı minaatanlar, 70-ə qədərini reaktiv artilleriya sistemləri, 3 kompleks "yer-yer" tipli "Toçka-U" sistemi, 100-dən çoxu özüyeriyən artilleriya sistemidir.

Hesabat dövründə Azərbaycan Ukraynadan 310 ədəd, İsraildən isə 50-yə yaxın müxtəlif çaplı artilleriya sistemləri satın alıb. Hər iki ölkədən verilmiş sifarişlər 2012-ci ildə də davam edib. Belarusdan 30 ədəd 120 mm-lik D-30 haubitsası (2010), 12 ədəd 2S7 "Pion" (2008-2009) özüyeriyən artilleriya sistemi, Bolqarıstandan 36 ədəd M-46 tipli haubitsa (2002), Bosniya və Herseqovinadan 10 ədəd 128 mm çaplı RAK-12 reaktiv atəş sistemi (2010), İsraildən LAR-160, Lynx Qrad tipli reaktiv atəş sistemi, Atmos-2000 tipli haubitsa, Cardom tipli avtomatik minaatan, Rusiyadan 20-dən artıq 2S9 "Nona-S" tipli özüyeriyən minaatan (2004) alıb.

Azərbaycan 2012-ci ildə tərəflər arasında imzalanmış müqavilələr üzrə İsraildən böyük həcmdə atıcı silahlar, rabitə vasitələri, raket və pilotsuz sistemlər idxal edib. Ötən il İsraildən alınmış atıcı silahlar arasında UZİ markalı tapança-pulemyotlar, 2012-ci ildə Azərbaycan İsrailin "Aeronautics" firması ilə ölkə daxilində "Orbiter 2M" və "Aerostar" tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırmaqla yanaşı, İsrailin "Elbit Systems" firmasından "Heron" və "Hermes-900" tipli yeni pilotsuz aparatlar əldə edib. Sifarişlərin bir qisminin çatdırılması 2013-cü il ərzində davam edəcək.

Türkiyədən 107 və 122 mm çaplı reaktiv atəş sistemləri, müxtəlif artilleriya sistemləri alıb. Yaxın illərdə Türkiyəyə sifariş verilmiş T-155 "Fırtına" özüyeriyən artilleriya sisteminin də silahlanmaya qəbulu gözlənilir. Azərbaycan Türkiyədək 36 ədəd T-155 "Fırtına" sistemi almağı planlaşdırır.

Düşməni hər an məhv edə bilərik

Hesabat dövründə Azərbaycanın əldə etdiyi artilleriya sistemlərinin 55 faizə qədərini 40-150 km hədəf uzaqlığı, 22 faizini atış uzaqlığı 20-40 km, qalan hissəsini isə atış uzaqlığı 20 km-dək olan raket-artilleriya silahları təşkil edib.

Bu müddətdə dövrdə Belarusdan alınmış 12 ədəd 203 mm-lik 2S7 "Pion" özüyeriyən artilleriya sistemi düşmənin 50 km uzaqlıqda möhkəmləndirilmiş hədəflərini, bazalarını, canlı qüvvəsini məhv etmək imkanına malikdir. Ukraynadan satın alınmış 24 ədəd "Smerç" kompleksi Azərbaycan Silahlı Qüvvələrinə uzaq məsafədəki hədəfləri məhv etmək üçün əlavə güc qazandırıb. Hazırda postsovet məkanında 7 ölkənin silahlanmasında yer alan "Smerç" sistemləri düşmənin 80 km məsafədə bütün infrastrukturunu məhv etməyə, böyük dağıdıcı gücə malikdir. 12 raket buraxıcı lülədən ibarət olan bir "Smerç" yaylım atəşində 72 hektar sahəni məhv edir.

Hazırda Azərbaycan Ordusunun uzaq məsafəli atəş dəstəyi 120 km məsafəyə malik "Toçka-U" raket kompleksi və İsrail istehsalı olan 150 km-lik LAR-160 sistemləri hesabına təmin olunur.

İşğal altındakı ərazilər, o cümlədən Dağlıq Qarabağda Ermənistan Ordusunun bütün obyektləri Azərbaycan Ordusunun artilleriya sistemlərinin mənzili daxilindədir. Ermənilərin Xocalı hava limanına uçuşları bərpa etmək cəhdlərinə mane olan əsas amillərdən biri də məhz Azərbaycan Ordusunun bir reaktiv atəş sistemi vasitəsi ilə aeroportu sıradan çıxaracağı ehtimalıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi tərəfindən qısa müddət ərzində ölkədə 42 istehsal sahəsi yaradılıb. İstehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri 665-ə çatdırılıb.

Orduya kölgə salmaq istəyənlər layiqli cavabını alacaq

Orduya diqqət təkcə bu amillərlə məhdudlaşmır. Azərbaycan dövləti hərbçilərin məişət problemlərinin həlli üçün də lazımi addımlar atır. 2011-ci ildə hərbçilərin əmək haqları 25 faiz artırılıb. Ötən il onlarla yeni yaşayış binası tikilərək hərbçilərin sərəncamına verilib və hazırda yeni mənzillərin tikintisi davam etdirilir. Dövlət başçısının sərəncamı ilə orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulub. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür.

Bir sözlə, Prezidentin söylədiyi kimi orduya diqqət Azərbaycan dövlətinin prioritetidir.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda aparıcı hərbi qüvvədir: " Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək, ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir".

Bütün xəbərlər Facebook səhifəmizdə