Təhlükəli yoluxucu xəstəliklərin profilaktikasına dair növbəti təlim keçirilib - FOTOLAR
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbirini təşkil edib. İctimai Birlikdən SİA-ya bildirilib ki, “Gözəl ol və sağlam qal!” devizi altında keçirilən təlim Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi Tamam Məmmədova tədbirdə çıxış edərək “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi təlimlərin əhəmiyyətini vurğulayıb.
İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva çıxışında Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bərbər, vizajist və manikürçü ixtisası üzrə təhsil alan tələbələrin təhlükəli infeksion xəstəliklər barədə maarifləndirilməsi üçün yaradılan şəraitə görə Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.
Ziba Nəbiyeva qeyd edib ki, uzun müddət simptomsuz keçə bilən və ağır fəsadlarla nəticələnən xroniki infeksion xəstəliklərin qarşısının alınması vacib ictimai-səhiyyə məsələsidir. Onun sözlərinə görə, belə xəstəliklərin müalicəsinə sərf olunan vəsait onların profilaktikasına nisbətən dəfələrlə çoxdur:
“Əksər hallarda xronikiləşən xəstəliklər uzunmüddətli, hətta ömürlük nəzarət tələb edir. Bu baxımdan təhlükəli yoluxucu xəstəliklərlə mübarizənin ən effektiv yolu profilaktik tədbirlərin vaxtında və davamlı şəkildə həyata keçirilməsidir. Bugünkü təlimin məqsədi gözəllik xidməti göstərilən məkanlarda xroniki viral hepatitlər, İnsan İmmunçatışmazlığı Virusu (İİV/QİÇS) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini azaldacaq biliklərin tələbələrə çatdırılması və sanitar-gigiyenik qaydalara ciddi riayət olunmasının təşviqidir”.
Təlim zamanı Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyalarının ötürülmə yolları, qorunma üsulları, ətraf mühitə davamlılığı, müayinə və müalicə prinsipləri, eləcə də gözəllik salonlarında istifadə edilən alətlərin dezinfeksiya və sterilizasiya qaydaları barədə ətraflı məlumat verib.
Tədbirdə təqdimatla çıxış edən təlimçi, həkim Mətanət Qaraxanova vərəm xəstəliyinin yaranma səbəbləri, simptomları, epidemiologiyası, yoluxma yolları və müalicə prosesi haqqında məlumat verib, yarımçıq qalan müalicənin dərmanlara davamlı vərəm formalarının yaranmasına və yayılmasına səbəb olduğunu diqqətə çatdırıb.
Təlim iştirakçılarına hava-damcı yolu ilə ötürülən infeksiyalardan qorunmaq məqsədilə müvafiq tövsiyələr təqdim olunub, qoruyucu vasitələrdən – maska və əlcəklərdən düzgün istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Məlumatların daha asan mənimsənilməsi üçün animasiya çarxları nümayiş olunub, sonda isə iştirakçılar arasında sorğu anketləri paylanaraq biliklərin qiymətləndirilməsi aparılıb.
Maarifləndirmə işinin davamlılığını təmin etmək məqsədilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə xroniki virus hepatitlərinin yoluxma yollarını əks etdirən xüsusi dizaynlı divar stendi təqdim olunub. Təlim iştirakçılarına isə mövzu ilə bağlı buklet və məlumat kitabçaları paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə