Bakıda dəm qazından zəhərlənə hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olmuş və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:12-də başa çatmışdır.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib. Həmin mənzildə kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur.
Əcnəbi tələbələr Texniki Universitetdə oxuyurmuş.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə