Almaniya həbsxanalarında boş yer qalmayıb

Almaniya həbsxanalarında boş yer qalmayıb. “Funke Mediengruppe” media holdinqinin 16 federal vilayətin ədliyyə nazirliklərinin iştirakı ilə keçirdiyi sorğuya görə, ayrı-ayrı hallarda (Baden-Vürtenberq vilayətində olduğu kimi) həbsxanalardakı sıxlıq 100 faizə çatır.

Bu göstəricidən bir qədər geri qalan Bavariya, Reynland-Pfalts, Berlin, Bremen və Hamburqdakı penitensiar müəssisələrdir. Onlarda sıxlıq 2017-ci ildə orta hesabla 90 faiz təşkil edib. Ekspertlərin rəyinə görə, bütün yerlərin 85-90 faizinin dolması, tam sıxlıq deməkdir.

Bununla yanaşı, bir çox vilayətlər həbsxana əməkdaşlarına qarşı hücumların sayının artmasından şikayət edirlər. Məsələn, 2016-2017-ci illərdə Şimali Reyn-Vestfaliyada bu halların sayı iki dəfə artaraq 72 faiz təşkil edib. Bunun əksinə, Bavariyada hücumların sayı 65-dən 50-yə düşüb.

Hesabatda qeyd olunur ki, vilayətlərin ədliyyə nazirliklərini xüsusilə narahat edən islamçı məhbuslar kateqoriyasıdır. Belə ki, Hessenin azadlıqdan məhrumetmə yerlərində 2013-cü ildən bəri onların sayı üç dəfədən çox artıb.

Almaniya Penitensiar Müəssisələri Federal Birliyinin sədri Rene Müller “Funke Mediengruppe” ilə müsahibəsində bildirib ki, hazırda ölkənin cinayət-icra sistemi tamamilə yüklənib.

Bütün xəbərlər Facebook səhifəmizdə