Azərbaycan şirkəti “International Rawal Expo 2018” sərgisində

Cari ilin 11-15 aprel 2018-ci il tarixlərində Pakistan İslam Respublikasında keçirilən “International Rawal Expo 2018” adlı beynəlxalq sərgidə Azərbaycan şirkəti də təmsil olunmuşdur.

Pakistan İslam Rspublikasının Ravalpindi Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən və keçirildiyi dövr ərzində yüz minlərlə insanın baxış keçirdiyi bu sərgidə beynəlxalq və yerli tikinti şirkətləri, istehsalçılar, daşınmaz əmlak agentlikləri, təhsil, ailə pavilyonları, uşaqlar üçün əyləncə yerləri, qida və ərzaq pavilyonları təqdim edilmiş, beynəlxalq və yerli şirkətlər öz xidmətlərini sərgiləmişlər. Sərgidə əsasən dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən müxtəlif şirkətlərin rəhbərləri, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri iştirak edirdi.

Sərginin rəsmi açılış mərasiminə təşrif buyuran Pakistan İslam Respublikasının Ticarət Muhammad Perviz Malik və Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti çıxış edərək Pakistanın iqtisadi potensialı, sərginin əhəmiyyəti haqqında məlumat vermiş, cari ildə bəzi qonşu ölkələrlə yanaşı Pakistana yaxın dost ölkə olan Azərbaycan şirkətinin də iştirak etdiyini vurğulayaraq sərgi iştirakçılarına uğurlar arzulamışlar.

Sərgidə Azərbaycan Respublikasının iri tikinti şirkətlərindən biri olan ALKE İnşaat Sənaye və Ticarət ASC öz xidmətlərini sərgi iştirkaçılarına təqdim etmiş, sərgi iştirkçılarına şirkətin tikinti sahəsində istər Azərbaycanda, istərsə də bir çox xarici ölkələrdə müxtəlif layihələrin iştirakçısı olduğu haqqında məlumat vermişdir. Pakistanın bu sahədə fəaliyyət göstərən yerli şirkətləri ilə birgə layihələrin Pakistanda həyata keçirilməsi istiqamətində də imkanlar araşdırılmış və müəyyən görüşlər keçirilmişdir. Sərgi iştirakçıları tərəfindən Azərbaycan şirkətinin pavilyonuna maraq yüksək olmuşdur.

Sərgidə həmçinin Azərbaycan Respublikasının mədəniyyətini, adət-ənənəlirini, milli mətbəxini və siyasi-tarixi inkişafını, iqtisadi tərəqqisini təbliğ edən müxtəlif əyani materiallar da yayılmışdır. Azərbaycanın siyasi-iqtisadi tərəqqisini, mədəni zənginliyini əks etdirən kitab, fotoşəkil və suvenirlər də iştirakçıların böyük marağına səbəb olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə