Xalq artisti: "Dövlət məmurunu öldürən azərbaycanlı ola bilməz" EKSKLÜZİV

Xəbər verdiyimiz kimi, iyulun 10-da Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələr yaşanıb. Həmin gecə ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Gəncədə təxribatçıların əli ilə xoşagəlməz hadisələrin baş verməsinə Xalq artist Nəzakət Teymurova münasibət bildirib: "Gəncədə təxribatçıların əli ilə hadisələrin yaşanması çox narahatedici haldır. Biz incəsənət xadimləri arzulamırıq ki, Azərbaycanda bu cür xoşagəlməz hadisələr baş versin. Hər zaman istəyirik ki, ölkəmiz sülh, əmin-amanlıq içərisində yaşasın. Onu da nəzərinizə çatdırım ki, dövlət başçımız İlham Əliyev də lazimi addımlar ataraq, xalqımızın sabitlik içərisində yaşaması üçün əlindən gələni əsirgəmir. Biz incəsənət adamları hər an Cənab Prezident İlham Əliyevin yanındayıq və onun irəli sürdüyü uğurlu siyasəti hər zaman dəstəkləyirik.

Gəncədə iğtişaş zamanı iki polisimiz də şəhid olub. Dövlət məmurunu öldürən azərbaycanlı ola bilməz. Hadisə zamanı dünyalarını dəyişən polislərimizə Allahdan rəhmət diləyib, ailələrinə baş sağlığı verirəm".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə