Səbail rayonunda YAP-ın yaranmasının 25 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev son günlər Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisələrin baş verdiyini vurğulayıb. Bildirib ki, 14 sentyabrda Azərbaycanın müasir tarixində ən mühüm hadisə olan "Yeni əsrin yeni müqaviləsi" ölkəmizin dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə mühüm təkan olacaq.

Ş.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində səsləndirdiyi fikirlərin əhəmiyyətindən də danışıb. Təşkilat sədri, həmçinin, dövlətimizin başçısının proqram xarakterli nitqinin hər bir azərbaycanlı kimi, partiyanın üzvləri qarşısında da yeni vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Rayon təşkilatının sədri YAP-ın təsis olunmasının 25 illiyinin geniş qeyd ediləcəyini də vurğulayaraq, bu məsələ ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışıb. Həmçinin, YAP Səbail rayon təşkilatının da yubiley münasibətilə silsilə tədbirlər təşkil edəcəyini diqqətə çatdırıb.

İclasda ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında hesabat məruzələri dinlənilib, cari məsələlər müzakirə olunub.

Eyni zamanda, idarə heyətinin üzvləri çıxışlarında müzakirə olunan məsələlər barədə rəy və təkliflərini bildiriblər.

Sonda gündəlik səsə qoyularaq, təsdiq edilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə