“Milli Qurtuluş Günü ölkəmizin xilas günüdür” AÇIQLAMA

“15 İyun – Milli Qurtuluş Günü ölkəmizin xaosdan və yer üzündən silinmə təhlükəsindən xilas günüdür”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon Təşkilatının sədri, Milli məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

1990-cı illərin əvvəllərində ölkəmizdə çox dərin siyasi böhranın olduğunu xatırladan təşkilat sədri bildirib ki, baş verənlərin hər birinin səbəbi həmin dövrdə rəhbərlikdə olanların milli-mənafedən çox-çox uzaq olmaları idi: “O zaman hakimiyyətə gələn səriştəsiz, təcrübəsiz insanlar ölkəni uçuruma aparırdılar. Heç bir müəssisə işləmir, iş yerləri yox idi. Bir sözlə Azərbaycanda acınacaqlı dövr idi. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. O zaman hakimiyyətdə olanların özləri də çaş-baş qalmışdılar. Xəzinədə pul yox idi. İnflyasiyanın səviyyəsi 1600 faizə çatmışdı. Dünya təcrübəsində keçid dövrünü yaşayan heç bir ölkənin tarixində belə hal qeydə alınmayıb. Ölkəmiz tənəzzülə, uçuruma doğru gedirdi. Azərbaycan xalqı bütün bunları gördüyü üçün haqlı olaraq Ulu Öndərin hakimiyyətə qayıdışını tələb etdi və Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, ölkəmizi bəlalardan qurtardı. Yalnız bundan sonra müstəqil Azərbaycanın dövlətçilik tarixi başladı. Ulu Öndər qısa zamanda ölkəmizi çətinliklərdən çıxara bildi".

1991-ci ildə baş verənlərin uzaq tarixdə qalmadığını deyən Milli Məclisin deputatı söyləyib ki, müstəqilliyimizi elan edəndən sonra doğulan gənclərimiz bu tarixi bilməli və zaman-zaman Azərbaycanın başına gələnlərlə bağlı düzgün məlumat almalıdırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə