"Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyində həlledici rol oynayır" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanla Respublikası ilə Bolqarıstan Respublikası arasında hər zaman mövcud ikitərəfli əlaqələr olub. İki ölkə arasındakı diplomatik əlaqələr 1992-ci ildən qurulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat sözlərinə belə davam edib: “1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. 29-30 iyun 1995-ci ildə Heydər Əliyev Bolqarıstana ilk rəsmi səfərini etmişdir.
Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanımışdır.

Bu gün də Azərbaycanla sıx iqtisadi, siyasi əlaqələr qurmaq istəyən Avropa İttifaqına üzv dövlətlərin sayları durmadan artmaqdadır. Bir çox Avropa dövlətləri Azərbaycanı dost, etibarlı tərəfdaş ölkə kimi görür və bu, ölkə başçımızın apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasət həyata keçirir. Bu əlaqələr isə həm Azərbaycanın, həm Azərbaycana digər ölkələr tərəfindən verilən yüksək qiymətdən irəli gələn qarşılıqlı münasibətlərdir.

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü, Azərbaycan-Bolqarıstan əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə olunması bir çox sahədə yeni nəticələr əldə olunmasına yönəlmişdir.

Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlığının gücləndirilməsinə dair Bəyannamənin imzalanması, iqtisadi, enerji, nəqliyyat sektorları və humanitar əlaqələrin daha güclənməsinə gətirib çıxaracaq.
Görüş çərçivəsində hımçnin Ölkə Rəhbəri tərəfindən vurğulanmışdır ki, əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.

Bolqarıstan son iki ildə Azərbaycana dördüncü səfərini edir və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır.

Həmçinin “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının uğurundan da qeyd etmək mühümdür. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığı strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilmişdir.

Azərbaycanla Bolqarıstan arasında imzalanmış 60-dan çox sənəd ölkələrimizi daha sıx əməkdaşlığa sövq edir. Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Belə ki, Bolqarıstan istehlak etdiyi təbii qazın 50%-ni Azərbaycandan idxal edir. O cümlədən Bolqarıstan Azərbaycan qazının Avropa bazarlarına çıxışının genişləndirilməsində mühüm rol oynayır.

Ölkələrimizin birgə razılığı ilə Qara dənizin dibi vasitəsilə "Yaşıl Kabel" çəkilir. Bu layihə Azərbaycanda istehsal olunan yaşıl enerjini Bolqarıstana və ümumən Avropa bazarlarına çıxardılmasına imkan verəcək. Həm də ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olması Avropa ilə Asiya arasında tranzit yükdaşımaların həyata keçirilməsində yeni fürsətlər yaratmışdır. Azərbaycan Bakı -Tiblisi -Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin yükburaxma qabiliyyətini 1 milyon tondan 5 milyona artırmaqla tranzit imkanlarımızı genişləndirmişdir. Bolqarıstan üçün bu dəhliz iqtisadi əməkdaşlığın genişləndirilməsində yeni imkanlar açır.

Son iki ildə dövlət başçılarımızın qarşılıqlı səfərlərinin intensivləşməsi ölkələrimiz arası münasibətləri daha da möhkəmləndirir və yeni üfüqlər açır və əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdən ibarətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə