Azərbaycanda institusional investorların məlumat bazası yaradılacaq

Azərbaycanın kapital bazarında proqnozlaşdırılan institusional investor potensialı 2,5 milyard manat təşkil edir. SİA xəbər verir ki, bu “Bakı Fond Birjası” QSC-nin (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.

Sənədə əsasən, istiqrazlar üzrə institusional investor bazasının kapital bazarları və investisiya məhsulları barədə məlumatlılığı artırılacaq: "Son nəticədə kapital bazarlarında irimiqyaslı yatırımlar artırılacaq.

İnstitusional investor məlumatlılığının artırılması üçün banklar, sığorta şirkətləri, aktivlərin idarə olunması şirkətləri (potensial olaraq), pensiya fondları, ianə fondları, iri biznes qurumları daxil olmaqla bütün institusional investorların məlumat bazası yaradılacaq.

"Bundan başqa, zəruri və faydalı bazar məlumatları və kapital bazarlarına sərmayə imkanları ilə bağlı yeniliklər institusional investorlara mütəmadi olaraq çatdırılacaq", - BFB bildirir.

Xatırladaq ki, qlobal təcrübədə istiqraz bazarına sərmayə həcminin böyük hissəsi institusional investorlar tərəfindən yatırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə