Muxtar Nağıyev: “Prezidenin qətiyyətli qərarları Ermənistan üzərində qələbəni təmin etməkdədir” MÖVQE

Lapşinin ekstradisiyası işğalçı Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədrinin birinci müavini Muxtar Nağıyev Aleksandr Lapşinin Belorusdan Azərbaycana ekstradisiyası ilə bağlı fikirlərini bildirərkən deyib.

YAP təmsilçisinin sözlərinə görə, Azərbaycan dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyi, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub, bundan sonra da belə olacaq: "Məhz bu kimi qətiyyətli mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Çünki Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirə bilir və zaman-zaman ictimai-siyasi çevrələrdə bunu əəməli şəkildə sübuta yetirir. Bu baxımdan, qeyd etmək istərdim ki, Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlətimizin, xalqımızın maraqlarını qorunması istiqamətində atılan ən cəsarətli addımdır".

"Daha bir əhəmiyyətli məqam Prezident İlham Əliyev cənablarının dünya birliyində nüfuzlu liderlər sırasında yer alması faktorudur"-deyə vurğulayan YAP Səbail rayon təşkilatı sədrinin birinci müavininin sözlərinə görə, əbəs yerə deyil ki, bu nüfuz, bu qətiyyət diplomatik qələbənin əldə edilməsində öz rolunu aldı: "Biz bu kimi uğurları erməni işğalçısına dövlət bayrağımızı təhqir etdiyinə görə layiqli dərs vermiş qəhrəman zabitimiz Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasında, Milli Qəhrəmanımız, şəhidimiz Mübariz İbrahimovun nəşinin geri alınmasında da gördük. Yəni cənab Prezident İlham Əliyevin qətiyyətli qərarları Azərbaycanın işğalçı Ermənistan qarşısındakı qələbələrini təmin etməkdədir. Əlbəttə ki, aprel savaşında əldə edilən uğurlar da bu sıradandır.

Lapşinin ekstradisiyası isə artıq ermənilərin bizim qarşımızda həm diplomatik, həm də digər cəhətlərdən nə qədər zəif, məğlub durumda olmalarını sübuta yetirmiş oldu. Bütün bunlar dövlət başçımızın yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir. Biz bu qələbələri ardıcıl əldə edərək, işğal altındakı torpaqlarımızı da düşmən tapdağından azad edəcəyik. O gün çox da uzaqda deyil. Əldə edilən bu diplomatik uğur da məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə