Avropa İttifaqı liderləri xüsusi sammitdə bir araya gəlib

Avropa İttifaqı (Aİ) liderləri Donald Tramp dövründə ABŞ və Rusiyadan gələn təhdidlər başda olmaqla mövcud geosiyasi vəziyyətdə Avropanın müdafiəsini gücləndirməyin yollarını müzakirə edəcəkləri ilk xüsusi sammitdə bir araya gəliblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Aİ Şurasının sədri Antonio Kosta Brüsseldəki Eqmont Sarayında keçirilən qeyri-rəsmi sammitin açılışında verdiyi açıqlamada "Yalnız müdafiəyə həsr olunmuş bir toplantıda ilk dəfə bir araya gəlirik" deyə bildirib. O, sammitdə müdafiə sahəsində prioritetlərin, bu məqsədlər üçün tələb olunan maliyyənin necə təmin ediləcəyinin və mövcud tərəfdaşlıqların necə inkişaf etdiriləcəyinin müzakirə olunacağını qeyd edib. Aİ Komissiyasının müdafiə strategiyası ilə bağlı "Ağ Kitab" adlı sənəd hazırladığını bildirən Kosta bu sammitdə qəbul ediləcək qərarların 19 martda açıqlanması planlaşdırılan həmin sənədin hazırlanmasına töhfə verəcəyini gözlədiyini vurğulayıb.

Liderlər sammit çərçivəsində xüsusilə ABŞ ilə münasibətlər mövzusuna cəmlənəcəklər. Trampın həftə sonu Kanada, Meksika və Çinə tətbiq edəcəyini açıqladığı genişmiqyaslı gömrük tarifləri gündəmə gələcək və Avropaya qarşı da oxşar bir qərarın elan edilməsi halında hansı addımların atıla biləcəyi müzakirə olunacaq. ABŞ ilə münasibətlər eyni zamanda Trampın Avropanın daha çox müdafiə xərci olması üçün təzyiqləri və Aİ üzvü Danimarkaya Qrenlandiya ilə bağlı verdiyi təhdidlər çərçivəsində də dəyərləndiriləcək.

Sammitin bir hissəsində NATO-nun Baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kiyr Starmer də iştirak edəcək. Avropa İttifaqı 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra Rusiyadan gələn təhdidlərə qarşı müdafiəsini gücləndirmək və NATO çətiri altında müəyyən dərəcədə ABŞ-dan müdafiədə avtonomiya əldə etmək yollarını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə