Əlcəzair Fransa prezidenti Emmanuel Makronun yazıçı Buəlam Sansalın həbs olunması ilə bağlı bəyanatını kəskin şəkildə qınayıb və bunu Əlcəzairin daxili işlərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirib.
Əlcəzairin Xarici İşlər Nazirliyi “X” şəbəkəsində paylaşdığı bəyanatında bildirib ki, Əlcəzair Makronun verdiyi bəyanatları böyük təəccüblə izləyib. Qeyd edilib ki, bu bəyanatlar, ilk növbədə, belə məsuliyyətsiz və qeyri-ciddi şəkildə fikir söyləməyi münasib bilən şəxsin özünə zərər yetirir.
Nazirlik əlavə edib: “Bu cür bəyanatları yalnız qınamaq, rədd etmək və pisləmək olar, çünki bunlar Əlcəzairin daxili işlərinə açıq və qəbuledilməz bir müdaxilədir”.
Vurğulanıb ki, Fransa prezidentinin söz azadlığı adı altında böhtan və yalan söylədiyi məsələ, əslində, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlıdır və bu, Əlcəzair qanunlarına görə cəzalandırılmalı cinayətdir.
Qeyd edək ki, Makron dünənki bəyanatında Əlcəzair hökumətini hər iki tərəfin vətəndaşlığını daşıyan 75 yaşlı Buəlam Sansalı azad etməyə çağırıb. Sansal Bumidin Hava Limanından Əlcəzairə daxil olarkən həbs edilib və dekabrın ortalarından bəri müalicə bölməsində saxlanılır. O, dövlət təhlükəsizliyini təhdid etməkdə ittiham olunur.
Emmanuel Makronun son bəyanatları Əlcəzair parlamenti tərəfindən də kəskin şəkildə qınanıb.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə