Çinin Handan şəhər məhkəməsi sinif yoldaşını öldürməkdə təqsirli bilinən 13 yaşlı Can adlı uşağa azadlıqdan ömürlük məhrumetmə cəzası verib. SİA xəbər verir ki, məhkəmə qətl hadisəsində təqsirli bilinən Liyə 12 il azadlıqdan məhrumetmə cəzası verib, Ma isə cinayət cəzasından azad edilərək, xüsusi tərbiyə olunan uşaqlar üçün məktəbə yerləşdirilib.
Cinayət hadisəsi cari ilin martında baş verib. Handan şəhərinin Feysian rayonundan olan Can və Li sinif yoldaşları Van (cinayətin qurbanı) ilə münaqişələri olub. Can digər sinif yoldaşları Li və Ma ilə əlbir olaraq Vanı sahibsiz tərəvəz istixanasına gətirərək qətlə yetirib, sonra basdırıblar. Bundan başqa, onun “Wechat” mobil tətbiqindəki elektron pul kisəsində olan bütün vəsaiti mənimsəyib, telefonunun simkartını məhv ediblər.
Polisin başladığı təhqiqatın gedişində faktlar üzə çıxıb. Məhkəmə Can və Lini qəsdən və xüsusi qəddarlıqla adam öldürməkdə təqsirli bilib. Məhkəmə cinayət qanunvericiliyinə uyğun olaraq onların cinayət məsuliyyətinə cəlb edilmələrinə qərar verib.
Qeyd edək ki, Çin yetkinlik yaşına çatmayanlar, xüsusilə daha aşağı yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərin qarşısını almaq üçün 2021-ci ildə cinayət qanunvericiliyini dəyişərək, cinayət məsuliyyətinə cəlb olunma yaşını 12-yə endirib.
Bütün xəbərlər Facebook səhifəmizdə