“Bu gün gürcü xalqı seçim qarşısındadır. Xalq fikirləşməlidir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində nəyə - sülhə, yoxsa müharibə partiyasına səs versinlər? Mənim fikrimcə insanlara sülh və sabitlik, inkişaf, firavanlıq lazımdır. Bunu da Gürcüstana və gürcü xalqına “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası verə bilər”.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində gürcü siyasətçi Zurab Musayev söyləyib.
Onun sözlərinə görə, gürcü xalqı son 12 ildə “Gürcü arzusu”nun hakimiyyəti dövründə gördü ki, müharibə yoxdur, qan tökülmür, ölkə iqtisadiyyatı inkişaf edir. İnsanlar milliyyətindən, dinindən və dilindən asılı olmayaraq sülh şəraitində yaşayırlar.
Z.Musayev deyir ki, ABŞ və bəzi Qərb dövlətləri Qafqazda söz sahibi olmaq üçün kiçik dövlətlərə hökm etmək, onları özlərinə tabe etdirmək istəyirlər. Amma bu, mümkün deyil: “Gürcü xalqı çətin sınaqlardan keçərək öz müstəqilliyinə qovuşub, suveren dövlətdir. Bu gün Gürcüstan ABŞ, Qərb, eləcə də Şərq dövlətləri ilə dostluq və mehriban qonşuluq şəraitində yaşamaq istəyir. Hamıya da eyni cür dost əlini uzadır. Bunu istəməyənlər özləri bilərlər, bizimlə dost olmaq istəmirlərsə, istəməsinlər. Amma bizimlə düşmənlik də etməsinlər. Bu, heç kimə xeyir gətirməz”.
“Bu gün Gürcüstanın bəzi dövlətlərlə çox mehriban qonşuluq və dostluq əlaqələri var. Bu əlaqələr seçkilərdən sonra da yüksələn xətt üzrə inkişaf edəcək. Gürcüstanın Qərb və ABŞ-la münasibətləri də seçkilərdən sonra yenə öz qaydasına düşəcək. Gürcüstanda Qərbin iddia etdiyi kimi birpartiyalı hökumət yoxdur və olmayacaq. Bizim çoxpartiyalı parlamentimiz var, seçkilərdən sonra da belə olacaq və Gürcüstan demokratiya prinsiplərinə uyğun olaraq inkişaf edəcək”, – deyə Z.Musayev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə