"Əcdadlarımız Qərbi Azərbaycanda böyük bir mədəni irs yaradıb" - QURUM RƏSMİSİ DANIŞDI

"Qərbi Azərbaycan etnomədəni coğrafiyası Azərbaycan xalqının tarixən yaratdığı böyük mədəniyyətin bir parçasıdır. Dərbənd, Gəncə, Bakı, Şirvan, Təbriz kimi İrəvan şəhəri də Azərbaycan mədəniyyətinin beşiklərindən biridir. Bugünkü tarixi reallıqda Qərbi Azərbaycan İcmasının öz tarixi torpaqlarına qayıdışı kontekstində əcdadlarımızın orada yaratdığı mədəni irsin yenidən öyrənilməsi, tədqiq olunması, gənc nəslə tanıdılması və bütün dünyaya nümayiş etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Ona görə də hazırda bu istiqamətlərdə çoxsaylı araşdırmalar aparılır". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu deyib.

"Şübhəsiz ki, mədəniyyət dedikdə biz mütləq onun iki komponentini nəzərdən keçiririk: maddi-mədəni irs, mənəvi-mədəni irs. Maddi-mədəni irs göz ilə görülən, əl ilə tutulan nümunələrdir. Amma bəzən mənəvi irsimizi öyrənmək daha çətin olur. Biz bu istiqamətdə addımlar atdıqca, öyrəndikcə bir daha bəlli olur ki Qərbi Azərbaycanda əcdadlarımız necə böyük irs yaradıb və nəyə görə biz bu gün mükəlləfik ki, əcdadımızın yaratdığı o böyük mədəni coğrafiyaya qayıdaq. Ona görə də Qərbi Azərbaycan İcması fəalliyət göstərməyə başladığı gündən bugünədək çox böyük işlər görüb, çoxlu müraciətlər ünvanlayıb. O cümlədən, UNESCO-ya da müraciət edib ki, faktlaşdırıcı missiya yaradılsın və Qərbi Azərbaycandakı yaratdığımız o tarixi, mədəni nümunələrin öyrənilməsi, siyahıya alınması ilə bağlı tədbirlər görülsün",- deyə o əlavə edib.

H.Babaoğlu bildirib ki, bu müraciətə müsbət cavab alınıb, amma hələki real addımlar yoxdur: "Ümid edirik ki, Qərbi Azərbaycana Qayıdış konsepsiyamızın işığında əldə etdiyimiz bu tarixi zəfər kontekstində irsimizə daha çox sahib çıxacağıq. Nəinki sahib çıxacağıq, qayıdıb o torpaqlarda mədəni irsimizi yenidən yaradıb davam etdirəcəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə