Qərbi Azərbaycan İcmasının növbədənkənar Ümumi Yığıncağı keçirilib - YENİLƏNİB

29 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir. SİA xəbər verir ki, Ümumi Yığıncaq 7 fevral 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində Prezident İlham Əliyevin namizədliyinə dəstək mövzusuna həsr edilmişdir.

Ümumi Yığıncağı giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 7 fevral 2024-cü ildə keçiriləcək Prezident seçkilərinin Azərbaycan Respublikasının tarixində mühüm hadisə olacağını qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş və Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq gündəliyə gətirmiş Müzəffər Ali Baş Komandanın - Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə etmişdir.

Daha sonra Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ziyalılar Şurası sədrinin müavini akademik Nizami Cəfərov, o cümlədən Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov, Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon icmasının sədri, professor Vaqif Şadlinski, Müşahidə Şurasının üzvü, akademik Rasim Əliquliyev, İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov, İdarə Heyətinin üzvü, professor Kamran Musayev çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə etmişlər.

Çıxışlardan sonra Ümumi Yığıncaq bəyanat qəbul edib. Bəyanatda amalı Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın firavanlığına xidmət etmək olan Prezident İlham Əliyevin Vətən qarşısında xidmətləri ilə mükəmməl vətəndaş, siyasi irsə sadiq lider və islahatçı dövlət xadimi kimi tanındığı vurğulanır və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini verdiyi, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atdığı bildirilir. Bəyanatda, minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran Müzəffər Ali Baş Komandanın Ermənistandan didərgin salınmış azərbaycanlıları sülh yolu ilə ana vətənləri Qərbi Azərbaycana qovuşduracağına dair əminlik ifadə olunur və Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvünün 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədiyi bəyan edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə