Heydər Əliyev ideyaları müasir Azərbaycanın dövlətçilik irsi kontekstində TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq"

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsindəyik. Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir".

Bugün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bu günkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir. Onun böyük qürurla söylədiyi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sərəncamda qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bu fikir hər zaman önə çəkilir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdiyi kimi, hakimiyyətinin ikinci mərhələsində də müstəqilliyimizin xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı.

DÜNYA LİDERLƏRİNİN ÜMUMMİLLİ LİDERLƏ BAĞLI SÖYLƏDİKLƏRİ HƏR BİR FİKİRİNDƏ BİR UCALIQ, YÜKSƏK MƏNA ÇALARI

Bəli, bu gün dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin ümummilli liderlə bağlı söylədikləri hər bir fikirində bir ucalıq, yüksək məna çaları var.

Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı.

Bu yendə vaxtilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin ölkəmiz haqqında dediyi "Azərbaycan iri addımlarla irəliləyir" sözləri indi də öz aktuallığını saxlayır. Bəli, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Və bu gün bu deyilən hər bir fikir Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin dünya miqyaslı dahi lider olaraq ulu öndərlə hər bir görüş zamanı bütün sahələr üzrə böyük siyasi təcrübə əldə etdiklərini söyləmələri hər bir azərbaycanlını qürurlandırır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulayıb ki, xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır: "Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb".

MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QAZANDIĞI HƏR BİR UĞURUN TƏMƏLİNDƏ ÜMUMMİLLİ LİDERİMİZİN MÜƏLLİFİ OLDUĞU İNKİŞAF STRATEGİYASI DAYANIR

Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından

çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan ulu öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur.

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. O dövrdə dahi rəhbər sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul etmiş, 14 il ərzində 1048 sənaye obyekti tikilmişdir. Bu dövrdə təkcə iqtisadi sahədə deyil, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinə də böyük qayğı göstərilmişdir. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına və qarantına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda siyasi rəhbərliyə gəlişindən çox qısa bir dövr keçməsinə baxmayaraq ulu öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi təmayüllü məktəb-C.Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Həmin hərbi məktəbin yaradılması ilə milli hərbi kadrların formalaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ölkəmizdə hərbi uğurların təməli də məhz 50 il əvvəl atılmış bu cəsarətli addıma əsaslanır.

ZƏFƏR TARİXİMİZİN BAŞLANĞICI: 15 İYUN 1993-CÜ İL

Belə bir söz var: "Tarixi şəxsiyyət o zaman dahi öndər, lider olur ki, o, özünün atdığı imza ilə xalqının adından imza atmış olsun". Bəli, bu gün tarixin yaddaşında əbədi iz qoyan ümummilli lider Heydər Əliyev bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Və zəfər tariximizin başlanğıcı olaq 15 iyun 1993-cü il ulu öndər Heydər Əliyevin tarixi qayıdışı xalqına, Vətəninə bağlılığın, saflıq və müqəddəsliyin doğurduğu ecazkar qüvvə, əlçatmaz yüksəklikdir. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir. Bəli, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail oldu. Bu, bir həqiqətdir. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün ömrünü xalqımızın firavan həyatına, xoşbəxt gələcəyinə sərf etdi, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının ümummilli lideri oldu. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə geniş imkanlar açdı. Sosial ədalət, milli həmrəylik təmin edildi. Beləliklə, Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı, qarşısının alınmasının qeyri-mümkün olduğu bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq, baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi.

Ulu Öndər bütün həyatı, fəaliyyəti boyu xalqa arxalanırdı və bu barədə də deyirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Beləliklə, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş dahi rəhbərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. "İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdir" deyən Ulu Öndərin rəhbərliyi ilə respublikamızın iqtisadiyyatının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın ən böyük dövlətlərinin aparıcı şirkətləri ilə bütün təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olunması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.

HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASININ QURUCUSUDUR

Tarixi təcrübə göstərir ki, ölkənin həlledici məqamlarında ictimai təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli çətin olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi zərurətdən irəli gəlirdi. Belə bir zamanda cəmiyyətin sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Belə bir zamanda Azərbaycanın bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".

1992-ci ildə partiyanın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə oldu. Həmin dövrü Ulu öndər belə xatırlayırdı: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır".

Xalqın ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Və bu qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.

YENİ AZƏRBAYCAN PARTİYASININ İLHAM ƏLİYEV DÖVRÜ

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir.

Bu gün Yeni Azərbaycan Partiyasının regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli nəticələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

Bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına mütləq əminlik yaradır.

İLHAM ƏLİYEV VƏ SİYASİ VARİSLİYİN TƏNTƏNƏSİ

Və bu gün ümummilli liderin ən layiqli varisi Prezident İlham Əliyev ona görə güclü idi ki, müstəqil Azərbaycan dövlətinə rəhbərlik estafetini qəbul edərək böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdı. Belə bir tarixi şəraitdə ümummilli lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: "Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bəli, 19 il prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. O da həqiqətdir ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Ən əsası isə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 19 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən ulu öndərin arzusunu reallaşdırdı: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!".

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir",- deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı. Bütün bu kimi əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuzun dəyişməz olduğu, bu siyasətin yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət dövlət başçımız tərəfindən qloballaşan bəşəriyyətin tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində gördüyü nəhəng layihələri respublikamızın Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir – Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasının təmin edilməsi, ölkəmizin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, onun xalqını daha uğurlu gələcək gözləyir. Azərbaycanın dahi oğlu Ümummilli Lider Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları xalqımızın qəlbində əbədiyyən yaşayacaq, yaşadılacaqdır!

Bir sözlə, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi ideyaları və əməlləri əbədiyyətə qədər davam edəcək. Ulu Öndərin Özü də buna inanır və deyirdi: "Mən Azərbaycanda əbədi olacağam".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə