Azərbaycanla Həştərxanın tarixi dostluq bağları - ŞƏRH

Azərbaycan ilə Rusiya münasibətlərinin kökləri uzaq keçmişə gedib çıxsa da, bugünkü münasibətlərdə ölkə başçılarının əlaqələrin daha da dərinləşməsində rolu müstəsnadır. İki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan əlaqələr, məhz möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğuladığı kimi, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici mühüm rol oynayır.

ƏLAQƏLƏRİN DAHA DA MÖHKƏMLƏNMƏSİNDƏ KÖRPÜ

Təbii ki, Rusiya və Azərbaycanı tarixi möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir və ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlıq da əlaqələrin davamlığına öz töhfəsini verir. Həştərxan vilayəti ilə Azərbaycanı tarixi dostluq əlaqələri bağlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul etməsi fikirlərimizi əsaslandırır. Görüşdə Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirilib. Dövlətimizin başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğulayıb ki, bu, münasibətlərimizin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.

Cari ilin aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü bu əlaqələrin davamlığına söykənir. Bildiyimiz kimi, Baykal-Amur Magistralının 50 illiyidir. Sovet İttifaqı üçün mühüm layihənin təşkilatçılarından olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin magistralın tikintisindəki xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o vaxt hələ Azərbaycana rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə minlərlə gənc BAM-a yollandı. "Heydər Əliyev amili Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq." Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birlikdə Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə bildirib. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür edən dövlətimizin başçısı Anqoya qəsəbəsindəki vağzala Ulu Öndər Heydər Əliyevin adının verilməsini xatırladıb. İlham Əliyevin dediyi kimi, BAM üzərində iki gözəl qəsəbə tikdilər. Amma əsas odur ki, onların memarlığı Azərbaycan milli üslubunda hazırlanıb. Bu qəsəbələr Ulkan və Anqoyadır.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirib. İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək, bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlətimizin başçısına təqdim edib.

HƏŞTƏRXAN VİLAYƏTİNDƏ HEYDƏR ƏLİYEV FONDUNUN GENİŞMİQYASLI LAYİHƏLƏRİ

Prezident İlham Əliyev Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu diqqətə çəkib.Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan "Xəzər - Dostluq dənizi" devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə də toxunulub. Prezident İlham Əliyevin göstəriş və tapşırığı əsasında Həştərxan vilayətində Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə genişmiqyaslı layihələr həyata keçirilmişdir. Bu cür dinamik inkişafın göstəricisi və iki dövlətin dostluq əlaqələrinin bariz nümunəsi kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda geniş abadlıq və quruculuq işləri aparılmış, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə Ulu Öndər Heydər Əliyevin adı verilmişdir. Həyata keçirilən layihələrin davamı olaraq Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış, "Meçta" uşaq əyləncə şəhərciyinin və eyniadlı uşaq kafesinin, Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsi və abidənin yerləşdiyi ərazidə salınmış park görülən işlərin davamıdır. Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Voljskiy küçəsində "Dostluq" uşaq bağçasının açılışı da vurğulanmalıdır. Həştərxanda "Azərbaycan-Rusiya dostluq körpüsü"nün açılması, Nərimanov rayonunda isə "Bakı və Həştərxan dostluğu" abidəsinin ucaldılması iki qardaş xalqın səmimi münasibətlərinin uğurlu simvoludur. Azərbaycan Prezidenti İlham Əliyev şəhər dumasının qərarı ilə "Həştərxan şəhərinin fəxri vətəndaşı" adına, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninə layiq görülmüşdür.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Bütün bu və digər görülən işlər münasibətlərin daha da sıxlaşmasında və əlaqələrin genişlənməsində önəmli faktorlardır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə