"COP29 genişmiqyaslı beynəlxalq tədbirdir" - ŞƏRH EDİLDİ

“COP29 genişmiqyaslı beynəlxalq tədbirdir. Bu konfransda yüzdən çox dövlətin nümayəndələri iştirak edəcək. Onların Azərbaycana gəlməsi və bu tədbirdə iştirak etmələri birmənalı şəkildə Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasına müsbət təsir göstərəcək. Həmçinin bütün dünya Azərbaycanın iqlim dəyişiklikləri məsələsinə diqqətlə yanaşdığının şahidi olacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanın iqlim dəyişiklikləri ilə bağlı gördüyü və görəcəyi işlər də COP29 konfransı nəticəsində hər kəsə məlum olacaq: “Konfrans zamanı dünyanı narahat edən bu cür ciddi bir məsələnin məhz dünya birliyi nəticəsində həllinin vacibliyi vurğulanacaq.

COP29 kimi dünya üçün mühüm əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi də təsadüfi deyil. Çünki Azərbaycan bu qədər mühüm və böyük tədbirlərə ev sahibliyi etmək baxımından yetərli qədər təcrübəyə malikdir və COP29 konfransının da ən yüksək şəkildə baş tutması üçün lazımi bütün işlər görülür. Tədbir ölkəmizin nüfuzunu daha da artıracaq, Azərbaycana qarşı olan bəzi “mənfi” fikirlərin də əsassız olduğunu göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə