“İnsanların boya-başa çatdığı torpaqlara gedə bilməməsi ədalətsizlikdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İlk növbədə biz çalışırıq ki, bölgədəki reallıqlara uyğun olaraq sülh müqaviləsi imzalansın. Təbii ki, sülh müqaviləsinin şərtlərindən biri zamanında Qərbi Azərbaycandan deportasiya olunmuş, haqsızlığa məruz qalmış insanların haqlarının özünə qaytarılmasıdır. Həmin insanların öz ata-baba yurdlarına qayıtması ən təbii haqlarıdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, ən təməl haqqımız olan ata-baba yurdunda yaşamaq hüququ 200 ilə yaxındır ki, bizim xalqımıza qarşı hər zaman pozulub: “1988-ci ildən sonra isə Qərbi Zəngəzurda bir nəfər belə azərbaycanlı qalmayıb. Hansı ki zaman-zaman orada iki milyondan çox həmyerlimiz yaşayıb. Hər halda Qərbi Azərbaycana getmək, ata-babalarımızın məzarlarını ziyarət etmək hüququmuz əlimizdən alınmamalıdır. Kiminsə oraya gedib yaşaması və ya vətəndaşlıq alması isə gələcəyin işidir. Dünyanın hər yerindən olan insanlar oraya gedə bilir, amma orada doğulub-böyüyən insanlar öz torpaqlarına gedə bilmir. Bu, böyük ədalətsizlikdir”.

“Yəqin ki qısa vaxtda bu ədalətsizlik aradan qaldırılacaq. Necə ki 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdik, orada sistemli şəkildə bərpa-quruculuq işləri həyata keçiririk, İnşallah eləcə də biz Qərbi Azərbaycandakı torpaqlarımıza qayıdacağıq”,- deyə o əlavə edib.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə