İcma növbədənkənar Ümumi Yığıncaqda bəyanat qəbul edib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü Azərbaycan öz dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır. Ulu Öndər irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti yüz illərdən sonra bizə güclü dövlətin qalib vətəndaşı olmaq hissini yaşatmışdır. SİA xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının növbədənkənar Ümumi Yığıncağında qəbul edilən bəyanatda qeyd edilib.

Prezident İlham Əliyevin böyük Zəfərlə nəticələnən və Azərbaycanı dünya dövlətləri arasında öz layiqli yerinə ucaldan ali missiyası uzun illərdən bəri titanik zəhmət və müdrikliklə qurulmuşdur. Amalı Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın firavanlığına xidmət etmək olan Prezident İlham Əliyev Vətən qarşısında xidmətləri ilə mükəmməl vətəndaş, siyasi irsə sadiq lider və islahatçı dövlət xadimi kimi tanınmışdır. Bu gün dünyaya günəş kimi parlayan Azərbaycan cənab İlham Əliyevin ən kamil əsəridir.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən hər bir siyasi xəttin dərinləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılaraq daha da inkişaf etdirilməsi yolunu tutan Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi son 20 ildə bütün siyasi xətləri yüksək diqqətində saxlamışdır. Təkcə iqtisadi, sosial, mədəni, elmi, texniki, hərbi istiqamətlər deyil, böyük mənəvi əhəmiyyət kəsb edən məsələlər də daim ölkə Prezidentinin nəzərində olmuşdur. Çoxşaxəli siyasətin nəticəsində ölkəmiz iqtisadi baxımdan güclənmiş, sərmayələr qoyulan ölkədən investor ölkəyə çevrilmiş, sərvətlərimizdən əldə edilən gəlir xalqın rifahına, sağlamlığına, təhsilinə xərclənmiş, hərbi qüdrətimiz artmış, Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanmış, dünyanın mədəni və multikultural mərkəzlərindən birinə çevrilmişdir.

Prezidentin müzəffər Ali Baş Komandan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyişanlı Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılmış uğurlu antiterror tədbirləri təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə deyil, həm də Azərbaycan xalqının qürurunun, mübarizə əzminin özünə qaytarılması ilə əlamətdar olmuşdur. Bu tarixi nailiyyəti qazanmaqla Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini vermiş, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atmışdır. Vətən müharibəsi Zəfəri təkcə məcburi köçkünlərimizin vətənlərinə qayıtmasını təmin etməmiş, həmçinin Qərbi Azərbaycan qaçqınlarında da doğma vətənlərinə sülh yolu ilə geri qayıtmaq inamı yaratmışdır.

2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüş zamanı söylədiyi fikirlər, verdiyi tapşırıq və tövsiyələr Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma vətəninə qayıtması hüququnun təmin edilməsi yolunda Azərbaycan xalqının ümummilli mübarizəsində dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyevin insan hüquqları məsələsi və sülhsevər missiya hesab etdiyi Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməsi təkcə biz Qərbi azərbaycanlıları deyil, bütövlükdə Azərbaycan ictimaiyyətini bu amal uğrunda səfərbər etmişdir.

Biz Qərbi Azərbaycandan - öz doğma vətənimizdən zorla qovulmuş, amansız soyqırımlarına, işgəncələrə məruz qalmış və Azərbaycan Respublikasına sığınmış, burada bütün təməl vətəndaş hüquqları ilə təmin edilmiş yüz minlərlə Qərbi azərbaycanlı olaraq inanırıq ki, Prezident İlham Əliyevin başlatmış olduğu bu qayıdış və davamlı sülh missiyası məhz Onun rəhbərliyi altında öz hədəfinə çata biləcəkdir.

Əminik ki, minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran Müzəffər Ali baş Komandan bizləri sülh yolu ilə ana vətənimiz Qərbi Azərbaycana qovuşduracaqdır.

Bu mənada Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvü olaraq 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə