"Atamsız, anamsız o yerlərdə yaşaya bilmərəm" - RƏYLƏR

Əsrlər boyu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin, soyqırımı aktlarının ardıcıl, sistemli şəkildə tədqiqi Azərbaycan tarixinin ən aktual problemlərindən biridir. Bunun nəticəsidir ki, Azərbaycan xalqı tarixi dədə-baba yurdlarından köçürülüb, zorla didərgin salınıb. XX əsrin əvvəllərində baş verən siyasi proseslər isə Azərbaycanın qərb torpaqlarında Ermənistan dövlətinin yaradılması ilə nəticələnib. Elə Qərbi Azərbaycan əhalisi də erməni qəddarlığına məruz qalanlardandır. İllərdir, öz tarixi torpaqlarından qovulmuş insanlar yurd-yuvalarına qayıtmaq üçün gün sayırlar. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinlərinin fikirlərini öyrənib.

Qərbi Azərbaycan sakini İsfəndiyar Vəliyev: "Mən bizim şəhidlərimizin qarşısında bir ata kimi, ağsaqqal kimi baş əyirəm, fəxr edirəm. Vətən şirindir, yaşamaq üçün getmək də lazımdır. Amma onlar nadürüst, iyrənc əməllərindən əl çəkən deyillər. Ermənilərlə bizimki bir daha alınacaq şey deyil. Ermənilər qorxaqdırlar, onlar ömür boyu bizdən qorxublar. Birinci və ikinci Qarabağ müharibəsində, bir günlük savaşımızda da bunu gördük. Onlarla biz yaşayarıq, amma mən demək istəyirəm ki, ermənilərlə Azərbaycan xalqınınkı tutmaz. Necə Qərbi Azərbaycan torpaqlarında Azərbaycanlı yoxdursa, mən də Azərbaycanda erməni görmək istəmirəm. Onlar paxıl millətdir, hər vasitəyə əl atırlar. Amma Azərbaycanın müzəffər Ali Baş Komandanı, mərd xalqı və şücaətli ordusu olduğu müddətcə ermənilərin heç bir pis niyyəti həyata keçməyəcək".

Qərbi Azərbaycan sakini Şəmil Mustafayev: "Xalqımıza qarşı cinayət törədənlər bir-bir öz layiq olduğu yerə göndərilir. Dövlətimiz bu qədər işlər görür. Vaxtilə nə qədər əzablar çəkmişiksə, indi bir o qədər sevincli günlər yaşayırıq. Biz Qərbi Azərbaycanlılar isə hələ də qəlbimizdə Vətən dərdi çəkirik. Allahdan ümid kəsilməz. Gün gələr biz də öz torpaqlarımıza qovuşarıq. Bu sözü deyəndə belə ürəyim ağrıyır, amma əgər düşmən viran qoymayıbsa, bizə babalarımızın qəbirlərini ziyarət etmək nəsib olar”.

Qərbi Azərbaycan sakini Suqra Mansurova: "İnanıram ki, doğma yurdumuza qayıdış mümkün olacaq. Ali Baş Komandanımız və ordumuz ki 44 günə Qarabağı azad edib, Qərbi Azərbaycanı da geri qaytararlar. Biz dövlət rəhbərimizə güvənirik. Bu dəqiqə evimi o qədər çox görmək istəyirəm ki... Amma orada yaşamağa ürəyim gəlməz. Çünki nə atam, nə anam, nə də qardaşım orada olmayacaq və yerləri görünəcək. Hər birinin məzarı buradadır. Əgər vaxtında geri qayıtsaydıq, bəlkə qalıb yaşamaq istəyərdim. Amma indi mən orada yaşamağa dözə bilmərəm".

Qərbi Azərbaycan sakini Zülfüqar Orucov: "İnsan yaşlandıqca yurd-yerinə, torpağına bağlılığı daha da güclənir. Bu yaşımda belə çox darıxıram. Oradan çıxandan sonra qohumların yanına gedəndə bir o qədər həvəsli olmurdum. Çünki həmin vaxtlar başa düşmürdüm. İndi dəyərini anlayıram, kəndimizi xatırlayıb darıxıram. Oradakı dağlara, çəmənliklərə həsrət qalmışıq. Kəndimizin meyvəsinin tamı belə başqa idi. Mən o vaxtdan hələ indiyə kimi o meyvələrin dadını heç yerdə tapa bilməmişəm.

Tarix bizə çox şey göstərib. Bizim nəslimiz bəlkə də heç bir nəslin görmədiyi həyatın sürətli dəyişikliklərinin şahidi olub. Yeni nəsil Qərb torpaqlarımıza dönüşün şahidi olacaq. Biz onu görməsək də, yəqin ki, indiki gənclər görəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə