"Qərbi Azərbaycanın həqiqi sahibləri olaraq torpaqlarımıza geri dönəcəyik" - SORĞU

Azərbaycanlılar etnik mənsubiyyətinə görə müxtəlif vaxtlarda Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunublar. Azərbaycanlıların Ermənistan ərazisində yerləşən qədim ata-baba yurdlarından sonuncu deportasiyasından isə artıq 34 il ötür. Belə ki, bu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 34 ildən sonra bu gün bu rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir. Bəs görək Qərbi Azərbaycan sakinləri öz yurdları barədə nə düşünür. Yenidən doğma torpaqlarına qayıdacaqlarına ümid edirlərmi? SİA mövzu ilə bağlı sorğu keçirib.

Qərbi Azərbaycan sakini Rəşid Məsimov: "Əlbəttə ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətini izləyirik. İcma tərəfindən xeyli işlər görülür. Düşünürəm ki, biz öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Əgər doğma yurdumuz Qərbi Azərbaycana qayıtmaq istəyiriksə, əlimizi daşın altına qoymalıyıq. Qərbi Azərbaycanın bizim əzəli torpaqlarımız olduğunu yalnız öz ölkəmizdə deyil, xarici ölkələr arasında da bildirməli, o yerlər barədə nə biliriksə, təbliğ etməliyik. Ümid edirik ki, məqsədimizə nail olacağıq".

Qərbi Azərbaycan sakini Göyçək Kərimova: "Qərbi Azərbaycan elə bir bölgədir ki, o yerlərdən ayrı qalmaq ağır dərddir. Elə gözəl yerlərimiz var idi ki, insanın gözü önündən getmir. Mənfur düşmənlər bizi öz yuvalarımızdan didərgin saldılar. Onlara bel bağlamaq olmaz. İnanmıram ki, bundan sonra erməni xisləti dəyişər. Onlar nəinki qonşuluğu, heç düşmənçiliyi belə bacarmır".

Qərbi Azərbaycan sakini Əşrəf Həsənov: “Biz artıq nəinki ermənilərdən, Fransadan və başqa Avropa dövlətlərindən də düşmənçilik görürük. Qarabağı geri aldıq, amma yenə də münaqişlər bitmək bilmir. Qərbi Azərbaycan da çox dəyərli bir bölgə olduğu üçün onu da asanlıqla bizə geri verəcəklərini düşünmürəm. Lakin sonuncu ölən ümidlərdir. Hələ də doğma yurdumuzun yolunu gözləyirik. Bəlkə bu gün yox, bəlkə sabah yox, amma əlbət bir gün Qərbi Azərbaycanın həqiqi sahibləri ora geri dönəcək”.

Qərbi Azərbaycan sakini Fidan Həsənli: “Bizimkilər ermənilərin deportasiyasına məruz qalanda mən hələ uşaq idim. Həmin anları bir o qədər xatırlamıram. Amma təbii ki, hər mənim yaşda olan Qərbi azərbaycanlı kimi mən də valideynlərimin, nənə-babamın, qohum-əqrəbanın danışdıqlarından o yerlər haqqında çox şey öyrənmişik. Gözümüzlə görməsək də, eşitdiklərimizlə sanki dədə-baba yurdumuzu gəzmişik. Bəzən düşünürəm ki, görəsən, bu hadisələr olmasaydı, orada böyüyüb boya-başa çatsaydım, indi həyatımda hansı dəyişikliklər olardı. Amma artıq gecdir, heç nəyi geri qaytara bilmərik. Lakin hər birimiz istəyirik ki, torpaqlarımız düşmən tapdağından azad olunsun. Qarabağı geri qaytaran Azərbaycan xalqı İrəvanı da geri qaytarar. Heç kəsin buna şübhəsi yoxdur. Sadəcə bir qədər zaman lazımdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə