“Heydər Əliyev Azərbaycan xalqını dünyada tanıdan və şöhrət gətirən şəxsiyyətdir” - DEPUTAT DANIŞDI

“Ulu Öndər Heydər Əliyevin anadan olduğu gün - 10 may tarixi nəinki Azərbaycan xalqı, bütövlükdə Türk dünyası üçün unudulmaz tarixdir. Çünki Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük dahilərdən biri olan Heydər Əliyev öz mənalı ömrünü xalqına və vətəninə sərf etməklə bərabər, həmişə dünyada azadlığın, demokratiyanın, sülhün tərəfdarı olduğunu göstərmişdir. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və yaradıcısıdır. Ulu Öndər dərin biliyə, böyük təşkilatçılıq bacarığına, qətiyyətə, qeyri-adi yaddaşa, uzaqgörənliyə, tükənməz səbrə, insanları dinləmək qabiliyyətinə və həmsöhbətlərinə təsir etmək gücünə malik olan insan idi. Heydər Əliyev Vətənini və xalqını ürəkdən sevən rəhbər, böyük diplomat, bacarıqlı müəllim, təcrübəli təsərrüfatçı və mehriban, qayğıkeş insan idi. Heydər Əliyev haqqında çox yazılıb, yazılır və bundan sonra da onun ölməz irsi öyrəniləcək, çoxsaylı kitablar yazılacaq, filmlər çəkiləcək. Çünki Heydər Əliyev Azərbaycan xalqının tarixinə elə unudulmaz şəxsiyyət kimi daxil olub ki, onu qəlblərdən silmək, unutmaq mümkün deyil. Dünənin inkişafı, bu günün nailiyyətləri və gələcəyin uğurları ölməz insan Heydər Əliyevin bəşəri ideaları ilə sıx bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını dünyada tanıdan və ona şöhrət gətirən bir şəxsiyyətdir: “Hakimiyyəti gəldiyi ilk illərdə Azərbaycanı iqtisadi, mənəvi böhrandan xilas edən və az bir müddət ərzində Sovetlər İttifaqının ən qabaqcıl respublikaları sırasına çıxaran Heydər Əliyevin adı hələ o vaxt dünya xalqlarının dilinin əzbəri oldu. Azərbaycan xalqı öz rəhbəri ilə fəxr etməklə bərabər, həm də uğurlarını artırdı, qüdrətləndi və bu gün üçün böyük zəmin yaratdı.

Heydər Əliyevin o dövrdə Azərbaycana rəhbərlik etdiyi illər respublikamızın ən çiçəklənən dövrü hesab oluna bilər. Çünki kənd təsərrüfatında, iqtisadiyyatda, mədəniyyətdə, mənəvi aləmdə çox böyük uğurlara imza atıldı. Ölkə iqtisadiyyatı dəfələrlə inkişaf etdi, kənd təsərrüfatı yüksəliş yoluna qədəm qoydu, aqrar respublikadan sənaye respublikasına çevrilən Azərbaycanın qüdrəti İttifaqın ən qabaqcıl respublikarını belə geridə qoydu. Heydər Əliyev öz zəngin təcrübəsi, bacarığı ilə Azərbaycan xalqını zirvələrə ucaltdı. Moskvada işlədiyi dövrdə də Heydər Əliyevin qəlbi daim Azərbaycanla döyündü. Azərbaycanın irəli getməsi, tanınması üçün Ulu Öndər əlindən gələni əsirgəmədi.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri onun ikinci dəfə, Azərbaycan təlatümlər içərisində olduğu bir dövrdə hakimiyyətə gəlməsi və xalqın təkidli tələbi ilə razılaşması oldu. Böyük çətinliklər yaşayan, torpaqları işğal altında olan və erməni təcavüzkarları tərəfindən kəndləri, şəhərləri dağıdılan respublikaya rəhbərlik etmək olduğundan da çətin idi. Demək olar ki, hakimiyyətsizlik, hərc-mərclik, özbaşınalıq baş alıb, gedirdi. Belə bir zamanda Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi xalqımızın qurtuluş tarixi idi və Heydər Əliyev xalqı ağır bəlalardan xilas etməyi bacardı.

İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, silahlı dəstələr ləğv olundu, ordu quruculuğuna təkan verildi və çox mühüm layihələrə imza atıldı. Yeni Azərbaycan Partiyasının qurucusu kimi Heydər Əliyev Əsrin Müqaviləsini imzalamaqla, öz böyük nüfuzunu təsdiq etməklə, bu günün inkişafının təməlini qoydu. O dövrdə respublikanı idarə etmək, beynəlxalq əməkdaşlığı möhkəmləndirmək, müharibəbi yatırtmaq yüksək təşkilatçılıq bacarığı və siyasi iradə tələb edirdi.
Heydər Əliyev torpaq islahatını həyata keçirməklə, torpaqları öz sahiblərinə qaytarmaqla ölkədəki işsizliyin qarşısını ala bildi. O dövrdə həyata keçirilən bir çox layihələr, xarici ölkələrə səfərlər, aparılan danışıqlar ölkədə iqtisadi inkişafa təkan verdi.

Heydər Əliyevin dövründə qoyulan möhkəm bünövrə iqtisadiyyatımızın bugünkü inkişafında özünü aydın göstərir. Əsrin müqaviləsinin imzalanması bu gün Azərbaycana yeni uğurlar gətirməkdədir. O vaxtlar Ümummilli Lider Heydər Əliyev xatırladırdı ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, nəinki indiki həm də gələcək nəsillərə məxsusdur. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu məhz Heydər Əliyevin qoyduğu təməlin bir bəhrəsidir. Bugünkü gündə həmin siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv, torpaqlarımızı azad görmək idi. Ulu Öndər sağlığında bunun üçün çalışdı və müəyyən mənada işğalın qarşısını aldı. Amma beynəlxalq aləmin laqeydliyi, ölkəmizə qarşı olan təpkilər torpaqlarımızın azad edilməsinə imkan vermədi. Ulu Öndər son məqamda belə Azərbaycanın torpaqlarının azad olunacağına böyük ümidlə baxırdı və bildirirdi ki, həmin torpaqlar mütləq işğaldan azad olunacaq. Biz Şuşaya, Laçına, Kəıbəcərə, Ağdama, Cəbrayıla, Füzuliyə gedəcək, kənd və şəhərlərimizi abad görəcəyik. Ümummilli Liderimizin vəsiyyəti möhtərəm Prezident İlham Əliyev və şanlı ordumuz tərəfindən həqiqətə çevrildi. Bu gün Azərbaycan torpaqları azaddır, suverenliyimiz tam bərpa olunub. Ölkə rəhbərinin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Ölkədə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür, Azərbaycan xalqı qurub yaradır və gələcəyə çox böyük ümidlərlə baxır. Bugünkü gündə işğaldan azad olunmuş ərazilərdə gedən dinc quruculuq işləri, eləcə də Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz onu göstərir ki, Heydər Əliyev ideyaları yaşayır. Sözsüz ki, biz bu günümüz və gələcəyimiz üçün Ulu Öndərə borcluyuq. Çünki ölkə iqtisadiyyatının, mədəniyyətinin, elminin və təhsilinin ilk bünövrəsini qoyanlardan və inkişaf etdirənlərdən biri məhz Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan xalqı öz dahi rəhbərini unutmur. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyi nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində yüksək səviyyədə qeyd edildi. Bu gün Heydər Əliyevin ölməz irsi xalqımız tərəfindən öyrənilir və geniş təbliğ olunur. Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bugünlərdə Fond özünün yaranmasının 20 illiyini qeyd etdi. Azərbaycan xalqının, böyük şəxsiyyətlərin Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyi qiymət Ulu Öndər irsinə olan münasibətin ifadəsi idi. Çünki bu Fond Azərbaycan xalqının taleyi, gələcəyi uğrunda mübarizə aparır və Heydər Əliyev ideyalarının bəşəri mahiyyətini bütün dünyaya sübut edir. Fondun mədəniyyət, mənəviyyat, insanlara qayğı və diqqətin göstərilməsi sahəsində həyata keçirdiyi tədbirlər Heydər Əliyevə olan etimadın böyük ifadəsi kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycanın hər bir vətəndaşı Heydər Əliyevin adı, şəxsiyyəti və əməlləri ilə fəxr edir. Nə qədər Azərbaycan var, Heydər Əliyev var!”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə