Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsinə həsr olunmuş mitinq-rekviem keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, tədbirdə Minsk şəhər Moskovski rayon Administrasiyası rəhbərinin müavini Valentin Konaplev və Minsk şəhər 170 nömrəli orta məktəbin direktoru Elena Ryabova, müəllim və şagird heyəti, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Belarusun Dövlət himnləri səsləndirilib, İkinci Dünya müharibəsində Qələbə uğrunda mübarizədə canlarından keçmiş bütün qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən səfir Məhərrəm Əliyev bəşər tarixinin ən qanlı səhifəsi olan İkinci Dünya müharibəsində qazanılan Qələbədə Azərbaycanın əvəzsiz rol oynadığını vurğulayıb, xalqımızın qəhrəman övladlarının Brest qalası, Moskva, Leninqrad, Stalinqrad, Krım yarımadası, Baltikyanı dövlətlər, Şərqi Avropa və Berlin uğrunda döyüşlərdə rəşadətlər göstərdiklərini xatırladıb. Həmin dövrdə əhalisinin ümumi sayı 3 milyon 400 min nəfər olan Azərbaycanın cəbhəyə 700 minə yaxın insan yolladığını, onlardan 300 mininin döyüş meydanlarında qəhrəmanlıqla döyüşərək həlak olduqlarını deyib. M.Əliyev faşizm üzərində Qələbədə göstərilən şücaətlərə görə 128 azərbaycanlının “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü xatırladıb, bu gün barelyefi önündə toplaşdıqları kiçik leytenant Nəcəfqulu Rəfiyevin Bobruys və Baranoviçi şəhərləri uğrunda gedən döyüşlərdə şücaət göstərdiyini vurğulayıb.

Sonda İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının yaddaşlardan heç vaxt silinməyən qəhrəmanlıqlarının və şücaətlərinin gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edən səfir qəhrəmanlarımızın əziz xatirəsinin daim diqqət mərkəzində saxlanılmasına görə Moskovski Rayon İcra Hakimiyyətinin, eləcə də 170 saylı orta məktəbin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Moskovski Rayon Administrasiyası rəhbərinin müavini V.Konaplev bu il İkinci Dünya müharibəsində Qələbənin 79-cu, Belarusun alman faşistlərindən azad edilməsinin isə 80-ci ildönümlərinin qeyd olunduğunu bildirib. Bu Qələbənin əldə olunmasında Azərbaycanın bir sıra igid övladlarının, o cümlədən N.Rəfiyevin misilsiz xidmətlərinə toxunaraq, tarixi həqiqətlərin gənc nəslə çatdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Belarus xalqının öz qəhrəmanlarının əziz xatirəsini daim hörmətlə yad etdiyini deyən V.Konaplev anım tədbirinin birgə təşkilatçılığı üçün səfirliyə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Minsk şəhər 170 nömrəli orta məktəbin şagirdinin ifasında müharibəyə həsr olunmuş mahnı səsləndirilib.

Sonda tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı N.Rəfiyevin barelyefinin qarşısına gül dəstələri düzüb və xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə