"Bakıda yeni parkların salınması turizm və ekoloji mühitə töhfə verir" - ŞƏRH EDİLDİ

"Bakıda yeni parkların salınması və mövcud istirahət zonalarının müasir standartlara uyğun yenilənməsi şəhərin həm turizm, həm də ekoloji baxımdan inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İlk növbədə, paytaxtımıza gələn turistlər yalnız tarixi abidələr və mədəniyyət nümunələri ilə deyil, həm də şəhərin yaşıl mühiti, istirahət imkanları ilə maraqlanırlar". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, dünya təcrübəsində göstərilir ki, şəhərlərin turizm cazibədarlığını artıran əsas amillərdən biri də məhz yaşıl infrastrukturun zənginliyidir: "Yeni açılan parklar və xiyabanlar Bakı şəhərinin urbanizasiya prosesində balans yaradır, paytaxtı daha rahat və yaşanılacaq bir məkana çevirir. Bu cür layihələr turistlərin asudə vaxtlarını xoş keçirməsinə imkan yaradır, xüsusilə də ailəvi səyahət edənlərin marağını artırır. Məsələn, uşaqlar üçün əyləncə zonalarının salınması və idman meydançalarının yaradılması turizmin ailə seqmenti üçün əlavə üstünlüklərdir. Eyni zamanda, bu addımlar Bakının ekoloji mühitinə də ciddi töhfə verir. Yaşıl ərazilərin genişlənməsi havanın keyfiyyətini yaxşılaşdırır, şəhərin iqlimini daha yumşaq edir və nəticədə həm yerli əhali, həm də turistlər üçün sağlam mühit formalaşdırır. Turizm baxımından isə ekoloji təmiz və müasir şəhər obrazı beynəlxalq arenada Bakının brend dəyərini yüksəldir. Bu cür layihələr Azərbaycanın qonaqpərvər və müasir ölkə imicini gücləndirir.

Yeni parklar yalnız paytaxt sakinlərinin deyil, həm də şəhərə gələn turistlərin yaddaşında xoş təəssüratlar yaradır. Xüsusən də, Bakıdakı yaşıllıq məkanlarının şəhərin tarixi və mədəni irsi ilə vəhdət təşkil etməsi turistlər üçün daha unikal bir təcrübə formalaşdırır. Bakıda açılan hər yeni park və ya yenilənmiş istirahət zonası həm turizmin inkişafına, həm də şəhərin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Bu, gələcəkdə ölkəmizin turizm sektorunun rəqabət qabiliyyətini daha da gücləndirəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə