Geely Zeekr-i tam şəkildə satın alır...

Geely Holding Group, Zeekr Technology brendinin bütün qalan səhmlərini almaq və Nyu-York Fond Birjasından delistinq etmək qərarını açıqladı.

SİA-nın məlumatına görə, müqavilənin 2025-ci ilin dördüncü rübündə tamamlanacağı gözlənilir.

Rəsmi açıqlamaya görə, Geely Zeekr səhmdarlarına iki hesablaşma variantı təklif edib: ya hər bir səhm üçün 2,68 dollar, ya da bir Zeekr payı müqabilində 1,23 Geely səhmi. İndiyədək Geely Zeekr-in 62,8 faizinə sahib idi.

Müqavilə başa çatdıqdan sonra Zeekr avtomobil nəhənginin bütövlükdə törəmə şirkəti olacaq.

Qeyd etmək vacibdir ki, Zeekr 2024-cü ilin may ayında IPO-da uğurla debüt etdi, əhəmiyyətli artım və bazar mövqeyinin möhkəmlənməsini nümayiş etdirdi.

2025-ci ilin birinci rübündə Zeekr və Lynk & Co 114 011 avtomobil sataraq təsirli nəticələr əldə ediblər ki, bu da əvvəlki illə müqayisədə 21,1 faiz çoxdur. Təkcə Zeekr brendi illik müqayisədə 25,2 faiz artaraq 41 403 avtomobil satıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə