İlk dəfə Yer kürəsində həyatın başladığı proses yenidən yaradılıb..?

Tədqiqatçılar klassik bioloji dilemmanın həlli yolunu təklif ediblər...

...Alman fizikləri laboratoriyada hüceyrələr, membranlar və maddələr mübadiləsi olmadan Yer kürəsində ilk canlı sistemlərin yaranmasının mümkün mexanizmini modelləşdiriblər.

SİA-nın məlumatına görə, bununla bağlı yazı Nature Physics (NP) jurnalında dərc olunub.

Bu gün bildiyimiz həyatı hüceyrələrsiz təsəvvür etmək mümkün deyil: bütün canlı orqanizmlər aydın sərhədləri və mürəkkəb metabolik sistemi olan hüceyrələrdən ibarətdir. Bəs bütün bunlar sadə molekulların xaosundan necə yarana bilərdi?

Münhen Universitetindən professor Diter Braunun komandası klassik bioloji dilemmanın həllini təklif edib: birinci olan membran, yoxsa metabolizm?

Tədqiqatçılar göstərdilər ki, məsaməli isti süxurlarda sadə istilik axınları molekulların yığılması və kimyəvi reaksiyaların başlaması üçün şərait yarada bilər - hüceyrə membranının iştirakı olmadan.

Alimlər laboratoriyada "istilik kamerası" - su ilə doldurulmuş və iki şəffaf lövhə arasında bağlanmış ensiz kanal yaradıblar. Sahil vulkanik qayalarının çatlarında baş verə biləcəyi kimi kameranın bir ucu qızdırılıb, digəri isə soyuq qalıb. Temperatur qradiyenti ilə əlaqədar olaraq, molekullar kameranın aşağı hissəsində - "soyuq tələdə" yığılmağa başladı.

Həyatın tikinti materialları da orada axırdı: amin turşuları, nukleotidlər, ribosomlar və digər vacib molekullar. Müəyyən şəraitdə bu konsentrasiya zülalın yığılmasına başlamaq üçün kifayət idi - təcrübədə reaksiya markeri kimi istifadə edilən flüoresan protein sfGFP idi.

Müəlliflərin fikrincə, erkən Yer kürəsində qaynar süxurlardakı bu cür məsamələr hər yerdə mövcud idi və membranlar olmadan, lakin reaksiyaların baş verdiyi yerlərdə məhdud həcmdə "protocell" kimi xidmət edə bilərdi.

Bu o deməkdir ki, həyat həqiqi hüceyrələrin meydana çıxmasından əvvəl yarana bilərdi və ilkin mərhələdə biokimya deyil, fizika aparıcı rol oynadı.

Metod həyatın mənşəyini dərk etməklə yanaşı, sintetik biologiyada yeni imkanlar açır.

…Özünü qidalandıran və bölən süni hüceyrə yaratmaq əvvəllər demək olar ki, qeyri-mümkün görünürdü. Amma indi birinci mərhələdə membranlar olmadan necə edə biləcəyimizi anladıq.

Bunu professor Braun bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə