1918-ci ilin köhnə elektrikli avtomobil Tesla-dan bahadır...

Dünyada bu elektromobillərdən çox az qalıb...

…ABŞ-da hərracda 1918-ci il istehsalı olan Detroit Electric avtomobili satılıb. Nadir avtomobilin qiyməti 140 min dollardır ki, bu da onu yeni Tesla-dan baha edir.

SİA xəbər verir ki, bu barədə RM Sotheby's hərrac evinin saytında məlumat verilib.

…Detroit Electric Model 75A Brougham-ın yüksək qiyməti bu elektrik avtomobillərinin çox az hissəsinin sağ qalması ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, 20-ci əsrin əvvəllərində elektrik avtomobilləri kifayət qədər populyar olub.

Birinci Dünya Müharibəsi illərində ABŞ-da yanacaq çatışmazlığı səbəbindən elektriklə işləyən avtomobillərə tələbat yüksək idi.

Bundan əlavə, o zamanlar benzinlə işləyən avtomobillərdə starter yox idi və tutacaqla işə salınırdı ki, bu da kifayət qədər çətin idi.

Elektrikli avtomobilləri idarə etmək daha asan idi.

Detroit Electric Tesla-nın gəlişinə qədər Amerikanın ən məşhur elektrik avtomobil istehsalçısı hesab olunurdu.

Şirkət 13.000 elektromobil istehsal edib və onların sahibləri arasında ixtiraçı Tomas Edison, milyonçu Con D.Rokfeller, həmçinin Henri Fordun və ABŞ-ın gələcək prezidenti Duayt Eyzenhauerin həyat yoldaşları da var idi.

Detroit Electric Model 75A Brougham fayton kimi bir görünüşə malikdir. Salonda sürücü və sərnişinlər qarşı-qarşıya otururlar və sükan əvəzinə rıçaq quraşdırılıb.

Detroit Electric 40 km/saat sürət yığa bilir və versiyadan asılı olaraq 110-160 km məsafə qət edir.

Bununla birlikdə, bu xüsusi avtomobil bərpa zamanı müasir akkumulyatorlar aldı, buna görə də daha "uzaq mənzilli" oldu..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə