"Süni intellektin tətbiq sahələri hər ötən gün genişlənir" - TEXNOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Süni intellekt texnologiyalarının əsas üstünlüyü ondadır ki, böyük həcmdə məlumatı sürətlə analiz edə, təkrar olunan və vaxt aparan işləri avtomatlaşdıra, eyni zamanda insan səhvlərini müəyyən qədər minimuma endirə bilir". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən süni intellektin tətbiq sahələri hər ötən gün genişlənir və bu proses əmək bazarında ciddi dəyişikliklərə yol açır: "Nümunə olaraq ilk növbədə müştəri xidmətləri sahəsini göstərmək olar. Süni intellekt artıq bu sahədə geniş tətbiq olunur. Chatbotlar və səsli köməkçilər banklar, sığorta şirkətləri və onlayn platformalarda müştəri sorğularını cavablandırır, ilkin texniki dəstək göstərir və hətta mürəkkəb problemləri təhlil edərək aidiyyəti üzrə yönləndirmə həyata keçirirlər. Bu isə əvvəllər bir neçə əməkdaş tərəfindən yerinə yetirilən funksiyaların avtomatlaşdırılmasına imkan verir.

Eyni zamanda, səhiyyə sektorunda da süni intellektin rolu sürətlə artır. Tibbi diaqnostika, rentgen və MRT görüntülərinin analizi, xəstəliklərin proqnozlaşdırılması, eləcə də fərdi müalicə planlarının hazırlanması kimi sahələrdə AI artıq istifadə olunur.

Başqa bir nümunə kimi, süni intellekt vasitəsilə məqalələrin yazılması, dizaynların hazırlanması, hətta musiqi və video məzmunların istehsalı da göstərilə bilər. Bu baxımdan süni intellektin tətbiq olunduğu sahələrin çeşidi getdikcə artır və yeni imkanlar yaranır".

Müəllif: Günel Rəşadqızı

Bütün xəbərlər Facebook səhifəmizdə