"Məlumatların qorunması üçün maarifləndirmə çox vacibdir" - ŞƏRH EDİLDİ

"Son illərdə kibertəhlükəsizlik məsələlərinin bu qədər aktuallaşmasının əsas səbəbi, texnologiyanın cəmiyyətin bütün sahələrinə sürətlə nüfuz etməsidir". Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, artıq həm dövlət qurumları, həm də özəl sektor gündəlik fəaliyyətlərini rəqəmsal infrastruktur üzərindən qurur: "Bu isə o deməkdir ki, daha çox məlumat internet üzərindən ötürülür və saxlanılır və bu məlumatların içində şəxsi məlumatlar, maliyyə bilgiləri və strateji məlumatlar da var. Texnoloji səbəblər arasında süni intellektin, avtomatlaşdırmanın və IoT cihazlarının artması xüsusi yer tutur. Bu cihazlar çox zaman zəif qorunur və kiberhücumçular üçün giriş nöqtəsi olur. Sosial səbəb kimi isə insanların fərdi məlumatlarını düşünmədən paylaşmaları, tanımadıqları linklərə klikləmələri və sosial mühəndislik üsullarına aldanmaları səbəb göstərə bilərik. İqtisadi baxımdan isə kiberhücumlar artıq yalnız fərdi istifadəçiləri deyil, bəzən böyük şirkətləri və dövlət qurumlarını da ciddi maliyyə itkilərinə və reputasiya zərərlərinə məruz qoyur. Vətəndaşların öz məlumatlarını qoruması üçün maarifləndirmə çox vacibdir. İnsanlar sadə addımlarla — güclü şifrə, iki faktorlu giriş, proqramların yenilənməsi və şübhəli mesajlardan uzaq durmaqla — özlərini qoruya bilərlər. Düşünürəm ki, istər dövlət qurumları, istərsə də özəl sektor kibertəhlükəsizlik üzrə mütəmadi olaraq sistemlərində təhlükəsizlik testləri keçirməli, həmçinin əməkdaşlarını bu sahədə təlimatlandırmalıdırlar".

Müəllif: Günel Fərzəliyeva

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə