Süni intellekt və avtomatlaşdırmanın iş bazarına necə təsiri nədir? - EKSPERT AÇIQLADI

"Avtomatlaşdırma uzun müddətdir ki, bazarda var və eyni zamanda iş bazarına da müsbət təsir göstərdi". Bu sözləri SİA-ya açıqlamasında ekspert Fərrux Rəcəbli deyib.

O bildirib ki, bir çox insan əməyi tələb olunan, hətta insanların qüsursuz edə bilməyəcəyi bir çox işi avtomatlaşdırma sahəsində həyata keçirmək mümkündür: "Avtomatlaşdırma iş bazarına müsbət təsir göstərsə də, mənfi təsirləri də oldu. Çünki insan təlabatı azaldı. Avtomatlaşdırma bazara daxil olduqdan sonra bir çox sənaye müəssisəsində, istehsal və idxal müəssisələrində avtomatlaşma sistemləri quraşdırılır və bu avtomatlaşdırma sistemləri vasitəsilə demək olar ki, çox qısa müddətdə insanın gördüyündən daha artıq həcmdə işlər həyata keçirilir. Süni intellekt isə iş bazarına yeni girib və onun bazara girməyi insanlara bir çox üstünlüklər gətirdi. İnsanların artıq istədiyi hər şeyi həyata keçirməsində süni intellekt əvəzsiz rol oynadı. Bu gün insanlar süni intellektdən nəinki iş bazarı üçün, hətta şəxsi həyatlarında da istifadə edir. Hətta onlara danışan, dostluq edənlər də var. Ötən gün psixoloq belə bir məlumat paylaşmışdı – süni intellekt insanların həyatında o qədər böyük bir rol alıb ki, insanların dosta ehtiyacı qalmır.

İş bazarında üstünlük ondan irəli gəlir ki, insanlar bir çox şeyi həyata keçirmək üçün mütəxəssis dəstəyi alırdılar. Hər şeyi sadəcə süni intellektə sual verməklə həyata keçirirlər. Məsələn, bir dizayner düşünsək, o bir paylaşım hazırlayarkən bunu nə formada etmək istəyirsə, süni intellektə yazır və süni intellekt hazırlayır. Mənfi cəhəti isə burada insan faktorunun azalmasıdır. Bu da əlbəttə ki, işsizliyin artmasına gətirib çıxaracaq. Artıq süni intellektin bacarıqları o qədər limitsizdir ki, demək olar ki, insana ehtiyac qalmır".

Müəllif: Nuray Paşşanlı

Bütün xəbərlər Facebook səhifəmizdə