ÇL: “Atletiko” 1/8 finalda, “Milan” qrup sonuncusu oldu

Bu gün futbol üzrə UEFA Çempionar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupları üzrə ümumilikdə 8 qarşılaşma baş tutub.

A qrupunda PSJ Fransada “Brügge”ni qəbul edib. “Mançester Siti” isə Almaniyada “Leyptsiq”in qonağı olub. Bu qrupda ilk 2 pillənin sahibi bəlli olduğundan əsas mübarizə 3-cü yer uğrunda gedib. Bundesliqa təmsilçisi qalib gələcəyi halda digər matçın nəticəsindən asılı olmayaraq, Avropa Liqasının pley-offuna vəsiqə əldə edəcəkdi. Belə də olub. PSJ darmadağınla qalib gəlsə də, ikinci pillədə qalıb. “Leyptsiq” isə qalib gəlməklə qrup üçüncüsü olub.

B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən “Liverpul” İtaliyada “Milan”la qarşılaşıb. Qrupun digər oyununda “Portu” evdə Madrid “Atletiko”sunu sınağa çəkib. 2-ci sırada yer alan portuqaliyalılar Madrid təmsilçisini məğlub etsə, qrupdan çıxan 2-ci komanda olacaqdı. Lakin “Atletiko” səfərdə inamlı qələbə qazanmaqla ÇL-in pley-offuna vəsiqəni təmin edib. “Milan” isə “Liverpul”a uduzub və qrup sonuncusu olub.

C qrupunda “Beşiktaş” Dortmund “Borussiya”sının qonağı olub. Qonaqlar avrokuboklarda mübarizə dayandırdığından, meydan sahibləri isə Avropa Liqasının pley-offunu təmin etdiklərindən qarşılaşma forma xarakter daşıyırdı. Buna baxmayaraq, almanlar doğma meydanda 5 cavabsız qolla qalib gəliblər. Digər görüşdə isə qrup qalibi olan “Ayaks” “Sportinq”lə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib.

D qrupunda Madrid “Real”ı doğma meydanda “İnter”lə 1-ci yer uğrunda mübarizə aparıb. Hər iki komanda növbəti mərhələyə vəsiqə qazansa da, İspaniya nəhəngi qalib gəlməklə birinci olub. Qrupun digər oyununda isə Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i qrup sonuncusu olması dəqiqləşən Donetsk “Şaxtyor”un qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.

ÇL-də daha öncə “Mançester Siti”, PSJ, “Liverpul”, “Ayaks”, “Sportinq”, “Real” və “İnter”lə yanaşı, “Bayern” (Almaniya), “Yuventus” (İtaliya), “Mançester Yunayted” və “Çelsi” (İngiltərə) klubları da 1/8 finala vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
7 dekabr

A qrupu

PSJ (Fransa) – “Brügge” (Belçika) 4:1
Qol: Mbappe, 2; 7. Messi, 38; 76-pen. – Rits, 68.

“Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 2:1
Qol: Soboslai, 24. A.Silva, 71 – Mahrez, 77.

Xal durumu: Mançester Siti – 12, PSJ – 11, Leyptsiq – 7, Brügge – 4.

B qrupu

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:2
Qol: Tomori, 29 – Salah, 36. Oriqi, 55.

“Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) 1:3
Qol: S.Oliveyra, 90+5-pen – Qrizmann, 56. Korrea, 90. De Paul, 90+2.

Xal durumu: Liverpul – 18, Atletiko – 7, Portu – 5, Milan – 4.

C qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0
Qol: Malen, 29. Roys, 45+2-pen; 53. Haland, 68; 81.

“Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) 4:2
Qol: Haller, 8-pen. Antoni, 42. Neres, 58. Berqeys, 62 – Santos, 22. Tabata, 78.

Xal durumu: Ayaks – 18, Sportinq – 9, Borussiya – 9, Beşiktaş – 0.

D qrupu

“Real” (İspaniya) – “İnter” (İtaliya) 2:0
Qol: Kroos, 17. Asensio, 79.

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Şerif” (Moldova) 1:1
Qol: Fernando, 42 – Nikolov, 90+3.

Xal durumu: Real – 15, İnter – 10, Şerif – 7, Şaxtyor– 2.

Bütün xəbərlər Facebook səhifəmizdə