Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə “Paddok” binasında Gənclər günü ilə əlaqədar forum keçirilib. SİA-nın məlumatına görə, “Öz karyeranı qur!” mövzusunda keçirilən forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə İnsan Resursları departamentinin vitse-prezidenti Leyla Novruzova iştirak edib.
Forumda çıxış edən nazir A.Rəhimov könüllüləri Gənclər günü münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb: “Bu gün gənclərin günüdür. Azərbaycanda gənclər üçün yüksək səviyyədə şərait yaradılıb. İqtisadiyyatımız gündən-günə inkişaf edir. Bunun üçün də bizə bacarıqlı insanlar lazımdır. Azərbaycan eyni zamanda dünyada idman ölkəsi kimi tanınır. Son illər ölkəmizdə mötəbər idman yarışları keçirilib. Bütün bu yarışları tək yox, gənclərin köməyi ilə keçirmişik. Bu gün gənclər anlayır ki, təhsil və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər. Ona görə də gənclərin bu məqsədlə təcrübə toplamalarına kömək edirik. Eyni zamanda, bəzi şirkətlərdə təcrübə qazanmaları üçün gənclərə dəstək veririk. Azərbaycanda turizm və idman sürətlə inkişaf edir. İdman oyunlarının keçirilməsi də bir çox gənclər üçün iş yerlərinin yaranmasına gətirib çıxarır. Hətta Belarusda keçiriləcək ikinci Avropa Oyunlarında da azərbaycanlı gənc mütəxəssislər iştirak edəcək. Ona görə, əziz gənclər, təcrübə və təhsilinizi artırsanız daha yaxşı karyera qurmağınıza kömək olacaq”.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da gənclərin karyera qurması haqqında fikirlərini bildirib: “İnsan qarşısına məqsəd qoyur və illərlə onun ardınca gedir. Könüllülərin simalarında ümidi və ciddiliyi görəndə sevindim. Əminəm ki, bu proses ərzində onların qazandığı təcrübə gələcək karyeralarında böyük kömək olacaq”.
Daha sonra səfir şəxsi karyerası haqqında gənclərə məlumat verib.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə İnsan Resursları departamentinin vitse-prezidenti Leyla Novruzova da çıxış edərək gənclərə uğurlu karyera qurmağın yollarından danışıb və tövsiyyələrini veriblər.
Qeyd edək ki, foruma könüllülərlə birlikdə ümumilikdə 250 nəfər qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB