Məktəblərdə idman dərsləri lazımi qaydada keçirilir? - EKSPERT RƏYİ

Məktəblərdə idman dərsləri lazımi qaydada keçirilir? - EKSPERT RƏYİ

“Orta məktəblərdə fiziki tərbiyə, yəni idman dərslərinin keyfiyyətli keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Bəzi hallarda bu dərslərə soyuq yanaşıldığına görə valideynlər uşaqlarını fiziki tərbiyə ilə məşğul olmaq üçün dərsdən sonra idman mərkəzləri və klublarına yönləndirirlər. Çünki onlar uşaqlarını sağlam böyütmək istəyirlər. Orta məktəblərdə idman dərslərinin saatlarına xüsusi diqqət olunmalı, onların proqramları lazımınca işlənməlidir. Müəllimlərə isə bu haqda xüsusi təlimatlar verilməlidir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

Onun sözlərinə görə, bir çox məktəblərdə ibtidai siniflərdə oxuyan uşaqlar idman dərslərini sinif otaqlarında keçirlər: “İbtidai sinif şagirdləri məktəbin zalına getmir və onların idman formaları olmur. Kiçik yaşlı şagirdlər məktəbli forması ilə sinifdə müəyyən idman hərəkətləri edirlər. Bu isə onların tərləməsi ilə nəticələnir. Sonra şagirdlər tərli-tərli dərslərini davam edirlər. Bu isə uşaqların səhhətində müəyyən problemlər yarada bilər”.

Ekspert qeyd edib ki, bir çox hallarda idman dərsləri lazımi qaydada keçirilmir: “Vicdanlı və işini düzgün yerinə yetirən müəllim cədvəl üzrə bütün dərslərini düzgün keçməlidir. Məlumatlara görə, elə müəllimlər var ki, kiçik və böyük summativ qiymətləndirmələrə görə idman və musiqi dərslərini digər fənlərlə əvəzləyib, həmin saatda o dərsləri keçirlər. Digər məlumatlara görə isə bir çox hallarda uşaqlara top və ya şahmat verirlər ki, gedib özləri oynasınlar. Ancaq idman dərslərinin hesablanıb, işlənmiş proqramları var. Hər bir müəllim bu proqramlara riayət etməlidir. İdman fiziki, mənəvi, psixoloji inkişafla yanaşı, uşaqlarda Vətənə, bayrağa sevgi yaradan sahədir. Hər bir müəllim bunları şagirdə aşılamalı və proqrama uyğun idman dərslərini keçməlidir. Çünki idman uşaqların sağlamlığı üçün önəmlidir. Təhsil Nazirliyinin “Sağlam məktəb, sağlam təhsil” layihəsi var. Bu layihəyə görə hər bir fənnin tədrisi zamanı uşaqları ayağa qaldırmaq, hərəkətli işlər gördürmək və digər fiziki hərəkətlər etməsinə şərait yaratmaq lazımdır. Ancaq diqqət etmək lazımdır ki, uşaqlar məktəbli formasında tərləməsinlər”.

A.Həsrət vurğulayıb ki, icazə verilməlidir ki, bəzi hallarda idman müəllimləri proqramda nəzərdə tutulan hərəkətlərin icrası üçün avadanlıq olmayanda onu başqası ilə əvəzləyə bilsin: “Hər məktəbdə mövcud olan idman avadanlıqlarına uyğun proqram qurulmalıdır. Məsələn, hansısa ucqar kənddəki məktəbdə tullanma ilə bağlı avadanlıq yoxdursa, müəllimə icazə verilsin ki, hərəkətlərdə müəyyən dəyişiklik etsin və bunu icmal dəftərində qeyd eləsin”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə