"Tour d'Azərbaycan-2017" veloturuna start verildi

"Tour d'Azərbaycan-2017" veloturuna start verildi

"Tour d'Azərbaycan-2017" beynəlxalq velosiped turuna start verilib. SİA-nın məlumatına görə, öncə Dövlət Bayrağı Meydanına təşkil olunmuş mərasimdə veloturda iştirak edən komandalar təqdim olunub.

Bildirilib ki, builki yarışda 18 ölkədən 22 komanda mübarizə aparacaq. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.

Komandaların üzvləri ictimaiyyətə təqdim olunandan sonra saat 10:30-da veloturun ilk mərhələsi başlayıb.

Qeyd edək ki, iştirakçılar 1-ci mərhələdə Bakı-Sumaqyıt marşrutu üzrə hərəkət edirlər. Onlar bu mərhələdə 150 km yol qət edəcəklər.

İlk mərhələnin finiş xətti Sumqayıt İcra Hakimiyyətinin qarşısı olacaq. Velosipedçilərin saat 13:55-də finiş xəttinə çatması planlaşdırılır.

İştirakçılar 2-ci mərhələdə Bakı-İsmayıllı (187 km), 3-cü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), 4-cü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron- Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa marağı daha da artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə